Şriftin ölçüsü :

Saytın rəngi :

“Şanlı Azərbaycan ordusu, günün mübarək!”

26 iyun 2020 | 11:00

   İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
   1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. 1 avqust tarixində AXC-nin Hərbi Nazirliyi təsis edildi. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra istedadlı general Səməd bəy Mehmandarov 25 dekabrda hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdi. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.
   Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq, azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər.
   Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il 20 iyunda C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaratdı. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.
   C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi.
   Lakin hələ 1991-ci il 5 sentyabrda Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin 9 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdilər.
   Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah-sursatdan istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.
   Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il 20 yanvarda Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.
Prezidentin 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər - Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
   1918-ci il 26 iyunda Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı və bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra Milli Ordu ləğv edildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il 9 oktyabrda Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul etdi.
   Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1918-ci il 28 mayda qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib.
   Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas məsələ Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış məsələləri öz həllini tapdı. 1992-ci il 9 oktyabrda Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyevin hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqət yetirildi.
    Prezident Heydər Əliyevin 1998-ci il 22 may Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
   Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
   Mən 26 ildir ki, gənc nəslin təlim-tərbiyə işini həyata keçirir və onları vətənpərvərlik ruhunda tərbiyə edirəm .
   Biz Qaradağ rayonu ictimaiyyəti və müharibə veteranları ilə birlikdə tez-tez cəbhə bölgələrinə səfərlər təşkil edir, Silahlı Qüvvələrin yeni müasir silahlarla təchiz olunduğunun şahidi oluruq.
   İnanırıq ki, Ali baş komandanın əmri ilə tezliklə torpaqlarımız erməni qəsbkarlarından azad olunacaq və bizim bayrağımız Şuşada dalğalanacaqdır. Yaxın zamanda Qarabağda Qələbə paradı keçirəcəyimizə sidq ürəkdən əminəm.

Qarabağ müharibəsi veteranı,
Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbin hərbi rəhbəri,
Leytenant Namazov Sədi Rəhim oğlu

Keçidlər