Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “26 iyun Silahlı Qüvvələr günü” münasibətilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsindəki çıxışı ilə əlaqədar qarşımızda duran vəzifələr
Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən uzun illəri əhatə edən daxili və xarici siyasət sayəsində ölkə daxilində yaranmış sabitlik, iqtisadi sahədəki köklü islahatlar, sosial problemlərin maksimum həlli ordu quruculuğunda əsaslı dəyişikliklərin aparılmasına şərait yaratdı. Bu gün hər bir hərbçi fəxr edir ki, o Azərbaycan Silahlı Qüvvələrində xidmət edir, hər bir Azərbaycan vətəndaşı qürur duyur ki, dövlətinin sərhədlərini göz bəbəyi kimi qorumağa qadir onun qüdrətli, nizami ordusu vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında ordu quruculuğunun dövlətin prioritet məsələ olduğunu, silahlı qüvvələrin saxlanmasına ayrılan büdcənin düşmən Ermənistanın dövlət büdcəsini daim üstələcəyini dəfələrlə demiş və verilmiş bu vəd reallıqda özünü sübut etməkdə davam edir.
Müdafiə Nazirliyinin rəhbər işçiləri ilə operativ müşavirə keçirədikdən sonra Ali Baş Komandan hərbçilərlə görüşüb.
Biz Silahlı Qüvvələrimizin yaranmasının 102-ci ildönümünü qeyd etdik. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılış mərasimində da iştirak edib.
“26 iyun – Azərbaycanın Silahlı Qüvvələri günü” münasibətilə iştirakçıları təbrik edən Prezident son illər ölkədəki ordu quruculuğundan, xüsusilə hərbi hissələrin tikintisindən, orada hərbçilər üçün yaradılan şəraitdən danışıb. Dövlətin hərbi qulluqçuların sosial məsələlərini daim diqqət mərkəzində saxladığını, özünün göstərişi ilə 1700 zabitin mənzillə təmin olunduğunu və cari ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcəyini nəzərə çatdırdı.
Ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağında olduğunu söyləyən Dövlət Başçısı bu gün Azərbaycan Ordusunun dünyada 50 ən güclü ordu sırasında olduğunu vurğuladı. Beynəlxalq hüquq normalarının kobudcasına pozulmasını təəssüflə qeyd edən cənab İlham Əliyev bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipinin üstünlük təşkil etdiyini dedi. “Ona görə də biz real vəziyyətlə hesablaşmalı və eyni zamanda öz hərbi potensialımızın daha gücləndirilməsinə nail olmalıyıq”.
Hava hücumuna qarşı müasir qurğularımızdan, ordumuzun müasir silah-sursat, texnika ilə təchizatından, eyni zamanda döyüş təyyarələrimizin modernləşdirilməsindən danışan Ali Baş Komandan yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuzun olduğunu dedi. Müdafiə Sənayesi Nazirliyi tərəfindən görülmüş işlərin öz gücümüzlə, öz iradəmizlə həyata keçirildiyi söylənildi. Qazanılmış nailiyyətlərin yüksək vətənpərvərlik əsasında, vətənə, torpağa, millətə sevgi sayəsində olduğuna şübhə etməyən Prezident İlham Əliyev hər bir hərbi hissədə ideoloji tərbiyənin yüksək səviyyədə təşkil edilməli olduğu barədə göstəriş verdi. Tapşırıldı ki, ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Sovet dönəmində Azərbaycan xalqının düşmənlərinin qəhrəman kimi qələmə verilməsindən, quldur 26 Bakı komissarı dəstəsinin başında dayanan cinayətkar erməni millətçilərinin, o cümlədən Şaumyanın qəhrəman kimi təqdim olunmasından söhbət açdı. Tələb etdi ki, bizim gənclər bu tarixi, yəni Azərbaycanın həm müasir, həmdə qədim tarixini bilməlidirlər. Bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Hər bir fərd bugünkü Ermənistanın öz xəritəsində dəyişdirdiyi əski coğrafi Azərbaycan toponimlərinin əsl adlarını bilməlidir.
Daha sonra cənab İlham Əliyev həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları nəticəsində böyük ərazimizin işğalçılardan azad olunmasından və o torpaqlarda Azərbaycan bayrağını ucaltmağımızdan iftixarla danışdı. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazinin işğalçılardan təmizlənməsi də diqqətə çatdırıldı.
Çıxışında Prezident işğal edilmiş torpaqlarda bu gün ermənilərin qanunsuz məskunlaşma siyasəti apardığını Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə qaldırdığını nəzərə çatdırdı. Bəyan edildi ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyərək tutduğu mövqedən geri çəkilməyəcəkdir.
İtirilmiş torpaqların Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirası olduğunu söyləyən Dövlət Başçısı onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımızın işğal altına düşdüyünü dedi. Ötən əsrin 90-cı illərinin əvvəlindəki tarixi xatırlayaraq həmin dövrün də müasir gənclik tərəfindən öyrənilməsinin çox önəmli olduğunu xüsusilə qeyd etdi. Çünki keçmiş tarixi bilmədən bugünki tarixi başa düşmək olmur. Bugünki tarixi başa düşmədən isə gələcəyi müəyyən etmək çətin olur.
Bütün sahələrdə iflasa uğrayan Ermənistanın artıq bir neçə ildir ki, dərin böhran içində olduğu, Ermənistanın müstəqillik tarixinin prinsipcə rüsvayçılıq üzərində qurulduğu da qeyd olundu. Nəzərə çatdırıldı ki, indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Bütün bunların müqabilində Ermənistanın bir dövlət kimi mövcud ola bilməsi əlbəttə ki, sual doğurur.
Amma bütün bunlara baxmayaraq biz öz hərbi potensialımızı daha da artırmalı, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına nail olmalıyıq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “26 iyun Silahlı Qüvvələr günü” münasibətilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsindəki proqram xarakterli çıxışı Dövlət Gənclər siyasətini həyata keçirən bir qürum kimi qarşımızda mühüm vəzifələr qoyur.
Hər təqvim ili üçün rayon Gənclər və İdman İdarəsi ilə rayon ərazisində yerləşən hərbi hissələr arasında tədbirlər planı tərtib olunur. Bundan əlavə tarixi və milli, əlamətdar günlər, Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi istiqamətində rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə həmin hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirilir, ədəbi-bədii kompozisiyalar, bilik və idman yarışları təşkil olunur. Şübhəsiz ki, Dövlət Başçısının son tapşırığına əsasən hərbi hissələrdə qədim və müasir tariximizin öyrənilməsi məqsədilə müvafiq tədbirlər keçiriləcəkdir
Qaradağ rayon Gənclər və İdman İdarəsinin
aparıcı məsləhətçisi, YAP-ın üzvü
Taleh Məhərrəmli