Ulu Öndərin bizə bəxş etdiyi bayram – Qurtuluş günü
Bu günlər respublikamızın hər yerində tariximizin çox əlamətdar bir hadisəsi, Qurtuluş günü qeyd edilir. Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış olan bu önəmli gün dahi lider, müdrik siyasətşi, dərin zəka-polad xarakter sahibi və sadəcə böyük AZƏRBAYCANLI Ulu Öndərimiz Heydər Əliyevin yenidən Azərbaycan hakimiyyətinə qayıdışı ilə bağlıdır.
Bu dönüş - H.Əliyevin xalqın təkidi ilə 1993-cü ildə yenidən Azərbaycana rəhbərlik etməsi, xalqımız və dövlətçiliyimiz üçün çox ağır, qanlı qadalı günlərə - Azərbaycanın başı üstünü “ölüm və ya olum” təhlükəsinin aldığı bir məqama təsadüf edirdi. Həmin dövrdə mövcud olan siyasi anarxiya, hakimiyyət boşluğu, hərbi məğlubiyyətlər fonunda məmləkətimizin varlığı və yoxluğu böyük sual altında idi. Məhz belə bir kritik durumda Ulu Öndər H.Əliyev xalqın ona ünvanlanmış ümid dolu xahişini yerə salmayıb yenidən hakimiyyətə, siyasi rəhbərliyə qayıtdı.
Qısa müddətdə Ulu öndərimiz xalqın dəstəyi ilə böyük siyasi iradə, güc nümayiş etdirərək ölkədə çox əhəmiyyətli işlər gördü. Atəşkəs əldə olundu, hərbiləşmiş dəstələrin pozucu-separatçı fəaliyyətinə son qoyuldu, iqtisadi, siyasi və ordu quruculuğu başlandı. B sahələrdə bir birinin ardınca çox mühüm işlər görüldü.
Xüsusən onun həyata keçirtdiyi neft strategiyası iqtisadiyyatımızın davamlı inkişafını təmin etmiş oldu. 1994-cü ildə H.Əliyevin zəkasının böyük rəhni olan “Azəri-Çıraq yataqlarının birgə işlənməsi və hasilatın birgə pay bölgüsü haqqında” məşhur müqavilənin imzalanması o zaman hələ iqtisadi baxımdan çox geri olan respublikamıza milyonlarla xarici investisiyanı cəlb etdi. Xalqımız sevə-sevə bu sazişi “Əsrin müqaviləsi” adlandırdı.
Heydər Əliyev həm də çox böyük vətənpərvər bir insan - Azərbaycançı idi. “Əsrin müqaviləsi” imzalanma mərasimində Heydər Əliyevin Azərbaycan şerini deyərkən kövrəlməsi, “Anam-doğma vətənimsən” misralarından sonra göz yaşlarına hakim ola bilməməsi bu böyük şəxsiyyətin qəlbindəki sonsuz vətən sevgisindən xəbər verirdi.
Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsinə dair saziş imzalandıqdan sonra isə Ulu Öndərin böyük sevinclə “Mən üç dəniz arxasına səyahət əfsanəsini reallaşdırdım” deməsi onun necə böyük bir tarix yaratmasının sübutu idi. Bəli, orta əsrlərin məşhur əfsanəsi Heydər Əliyevin dühası nəticəsində mümkün oldu. O, Azərbaycan neftini üç dənizin arxasından - Xəzər dənizi, Qara dəniz və Aralıq dənizlərindən keçirdərək Avropaya çıxartdı və bununla da ölkəmizin tarixinə yeni qızıl səhifə yazmış oldu.
Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri saysaq buna günlər belə çatmaz. O yaşadığı bütün şərəfli həyatı boyu xalqını dərin məhəbbətlə sevmiş, istənilən dönəmlərdə ona xidmət etmişdir. Heydər Əliyevin həyatdan getməsi də onun təkrarsız həyat yolunun məntiqi nəticəsi idi. Dünyaya gələn hər bir insanın bir gün bu dünyadan köçməsi təbiətin qaçılmaz qanunudur. Amma Heydər Əlyev bunu da özünəməxsus, qeyri-adi etdi. O özünün əsəri olan C.Naxçıvanski adına hərbi məktəbin müdavimləri qarşısında çıxış edərkən iki dəfə ürək krizi keçirtdi. Amma özünü toparlayıb ayağa qalxdı və çıxışını tam başa vurdu. “Qoy çaylarınız qurumasın, ağaclarınız kəsilməsin” deyərək xalqı ilə, milləti ilə, bu dünyası ilə vidalaşdı. O kadrları göz yaşları ilə izləyən milyonlarla insan kimi mənim üçün də bu çıxış - qu quşunun vida nəğməsi idi. Bəli bu Heydər Əliyevin vida çıxışı oldu. O ölümün gözünə dik baxıb qorxmadan, sınmadan yaşadığı şərəfli həyat yolunu belə mərdanə başa vuraraq vidalaşırdı. Bu sadəcə sözün bitdiyi, heç bir şərhə ehtiyacın olmadığı məqam idi, anlar idi.
Qoy Ulu öndərimizin ruhu şad olsun. Çünki bu gün H.Əliyevin bizə qoyub getdiyi Azərbaycan çox möhkəm və etibarlı əllərdədir.
Bayramın mübarək, Azərbaycanım
Nəzakət Məmmədova,
ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma
İdarəsinin Qobustan Regional Təlim Mərkəzi