17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Qaradağ Rayon İcra hakimiyyətində 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə videokonfrans keçirilmişdir. Videokonfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, icra hakimiyyətinin əməkdaşları və həkimlər iştirak etmişdir.
Videokonfransı cənab Süleyman Mikayılov açmış və tədbirdə iştirak edən, rayonda səhiyyə sahəsində çalışan hər kəsi Tibb İşçiləri günü münasibətilə təbrik etmiş, covid-19 ilə mübarizədə dünyasını dəyişmiş tibb işçilərinin xatirəsi 1 dəqiqə sükut ilə qeyd edimişdir.
Cənab Süleyman Mikayılov çıxışında, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılıb, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunub. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır
Prezident İlham Əliyevin və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalq naminə həyata keçirdikləri səmərəli tədbirlər nəticəsində COVID-19 virusuna qarşı önləyici tədbirlər aparılır və koronavirusla mübarizənin bazası gücləndilirilir. Cənab Prezident qeyd etmişdir ki, dövlətin əsas vəzifəsi pandemiyadan ən az itkilərlə çıxmaqdır. 20-dən artıq xəstəxana, 30-a yaxın laboratoriya bu xəstələrin ixtiyarındadır. 400 minə yaxın test edilmişdir. 10 modul tipli xəstəxanadan artıq 4-ü açılmışdır. Əlavə 2000 çarpayılıq ehtiyat yerimiz vardır. ÜST Azərbaycanı Covidlə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Azərbaycan bu sahədə 29 ölkəyə humanitar yardım göstərmişdir. . Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb.
Dövlət əhalinin ən müxtəlif təbəqələrinə maksimum sosial dəstək göstərir. Təsadüfi deyil ki, Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən ölkələr sırasında yer alıb. Müharibə termini ilə desək, bu gün ön cəbhədə vuruşan səhiyyə işçiləridir – həkimlər, tibb bacıları, sanitarlar, laborantlar və başqalarıdır. İnsan həyatı uğrunda mübarizədə yüksəkixtisaslı səhiyyə işçilərindən ibarət böyük bir ordu iştirak edir. İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşdığı fikirlər fədakar tibb işçilərinin əməyinə verilən yüksək qiymət kimi diqqət çəkir.
Süleyman Mikayılov qeyd etmişdir ki, COVİD-19-la mübarizədə rayonumuzun tibb işçiləri də fədakarlıq göstərir. Əfsuslar olsun ki, onlarla həkim, tibb bacısı və digər tibb işçiləri bu xəstəliyə yoluxub, bir nəfər tibb işçisi dünyasını dəyişib.
Bizim rayonda da COVİD-19- la mübarizə üçün 17 saylı BŞX ayrılmışdır.
Daha sonra Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 15 nömrəli Təcili Tibbi Yardım Stansiyasının müdiri İlqar Mirzəyevə söz verilmişdir. O, təcili yardımın üzərinə çox böyük yük düşdüyünü qeyd etmiş, yaxmaların götürülməsi, xəstələrin hospitalizasiyası təcili yardım briqadalarının üzərinə düşdüyünü bildirmişdir. Yoluxanlar arasında təcili yardım əməkdaşları çoxluq təşkil edir. Sağalıb iş başına qayıdan əməkdaşlarımız da vardır.
17 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elmira Rəfailova çıxışında Qaradağ rayonda COVİD-19-la mübarizə üçün 17 saylı BŞX-nin 31.05.2020-ci ildən ilk xəstə qəbul etdiyini qeyd etmişdir. Bu günə qədər xəstəxanaya 72 xəstə yerləşdirilmişdir. Hal-hazırda 41 xəstənin müalicəsi davam etməkdədir. Qalanlarının isə sağalaraq evə buraxıldığını bildirmişdir.
13 saylı Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova isə neçə aydır ki, dünyada gözəgörünməz düşmənlə - koronavirusla mübarizədə ciddi və sərt təcrid tədbirlər görüldüyündən bəhs etmişdir. Əhali arasında maarifləndirmə işlərinin aparılmasını, vətəndaşların məsuliyyətli olmasının vacibliyini qeyd etmişdir. Həkimlərin, tibb işçilərinin xəstələnməməsi üçün yoluxan insanların sayının az olmasının vacibliyini xüsusi vurğulamışdır. Pandemiyanın başlanğıcında rayon icra hakimiyyətinin bütün tibb müəssisələrinə və vətəndaşlara maska və spirt payladığını qeyd etmiş və təşəkkürünü bildirmişdir.
Sonda cənab Süleyman Mikayılov bu şərəfli işdə əməyi olan hər bir səhiyyə işçisinə cansağlığı və peşə uğurları arzulamış və səhiyyə sahəsində əməkdə fərqlənən tibb işçilərinin Fəxri Fərmanla təltif olunması barədə sərəncam səslənmişdir.