Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ – Azərbaycandır!

12 iyun 2020 | 11:00

    Dünya sosioloq və filosofları qeyd edirlər ki, hər bir millətin və dövlətin sosial, siyasi və iqtisadi təhlükəsizliyi təhsil fenomeninə bağlıdır.
   Xüsusən, hazırki dövrdə qlobal pandemiya zamanında qarşınızda erməni terrorçuları kimi bir düşmənin olduğu halda ümumtəhsil məktəblərində təhsilin, şagirdlərin akademik və sosial biliklərinin keyfiyyətinin aşağı düşməməsi üçün müəllimlərimiz onları distant təhsillə təmin edirlər. Hazırda məktəblərdə pandemiya dövrünün şərtləri altında məktəbdaxili qiymətləndirmə aparılır.
   Qeyd etmək istəyirəm ki , mayın 21-də Şuşada andiçmə mərasimi olmuşdur. Dağlıq Qarabağdakı terrorçu - separatçı yox, iş separatçılıqdan çoxdan çıxıb - rejimin keçirdiyi "prezident seçkiləri"ndə "qalib" gəlmiş Araik Harutyunyan adlı birisi and içdi guya. Ermənistanın baş naziri Nikol Paşinyan da orada idi, zövcəsi və ətrafındakı adamları ilə birlikdə.
   Azərbaycanda sosial şəbəkələr kükrədi, "Şuşanıvur" heşteqi yarandı.
  Gəlin, vəziyyətə soyuqqanlı baxaq. Çətin olsa da, cəhd edək. Paşinyan bunu bilərəkdən edir. O, demokrat deyil, insan haqları və açıq cəmiyyət barədə gəvəzələmələri də publikaya oynamaqdır: Ermənistanın baş naziri sələflərindən fərqli olaraq, Dağlıq Qarabağ məsələsində daha aqressiv, marazmatik, hətta idiotik siyasət yürüdür. Çünki publikaya oynayır, kütlə psixologiyasına məğlub olub, hakimiyyətini səbatlı və dayanıqlı saymır. Ermənistanın sabiq prezidentləri Robert Köçəryanı və Serj Sarqsyanı "diktator"t adlandırsa da, özü onlardan da betərdir. Paşinyanın demokrat sayılması sırf səfsəfədir: demokrat heç bir halda işğala haqq qazandırmaz və terrorizmi də dəstəkləməz.
   Şuşadakı mərasimlə bağlı sosial şəbəkədəki qəzəbimiz anlaşılandır, naturaldır, yəni təbiidir. Məsələ heç də "Hakimiyyət bizi eyninə almır, Qarabağ problemini həll etmək istəmir" təki demaqogiya deyil. Məsələ "Şuşanıvur" kimi aberrasiyalı populizmi vətənpərvərlik izharı kimi qəbul etməkdir. Niyə vurulmalıdır Şuşa? Bir ovuc erməniyə, bir dəstə dılğıra görə? Separatçılıqdan terrorizmə adlayanları vurmaq lazımdır, gözəl Şuşanı yox.
   Dağlıq Qarabağ və işğal altında olan digər ərazlərimiz, sadəcə, 26 ildən bəri erməni tapdağındakı torpaqlar deyil. Onlar milli mənlik, identifikasiya, qürur, perspektiv və s. ilə bağlı məsələlərdir. Pafosla, sosial şəbəkələrdəki virtual hücumlarla bu iş olmaz.
   İşğaldakı yaşayış məntəqələrinin adlarını daşıyan kafedə və ya restoranda oturub "Şuşanıvur" yazanın şüurundakı gəlişmələr mənə, şəxsən, çox maraqlıdır. Dəyişməliyik. Rasional, praqmat, soyuqqanlı olmalıyıq.
   Qarabağı azad etməyin yolu, inanın, elmdədir, savaddadır, bilikdədir. Elmsiz toplum həmişə elmlilərin nəzarətində olub və belədir. İlham Əliyevin Paşinyanla olan debatınında Paşinyan qeyd edir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 884-cü qətnaməsində atəşin ilk Azərbaycanın açdığı qeyd olunur. Sənəddə, əksinə, Ermənistanın Azərbaycanın mülki şəxslərinə hücum etməsi və ərazilərini bombalaması, habelə Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı qeyd olunur. Azərbaycanın ilk hücum etməsi barədə qətnamədə 1 cümlə belə yoxdur.
   Paşinyan əlindəki “Nagorno-Karabagh: Legal Aspects” kitabını göstərərək orada tarixi faktların qeyd olunduğunu vurğulayır. Yazar: Şahen Avakyan (Ermənistan Fransız Universitetində professor). İstənilən universitet tələbəsi belə mübahisəli məsələlərdə cavabı həmin mübahisədə iştirak edən tərəflərin nümayəndələrindən deyil, neytral nümayəndə tərəfindən qeyd olunan yazıda/kitabda axtarır, daha öz həmvətəninin kitabında yox.
   Bir də sonda qeyd etdi ki, 1994-cü ildə "Bişkek Protokolu"nu imzalayan tərəflərdən biri də Dağlıq Qarabağın nümayəndəsi idi, yəni bir növ Azərbaycan Dağlıq Qarabağı həmin vaxt qurum kimi tanıyıb. Sənədi tapdım və sənəddə nə o nümayəndənin olduğu, nə də tərəflər arasında Dağlıq Qarabağın adının keçmir. Belə bir separatçı, terrorçu, yalançı düşmənə qarşı ən güclü silah bilikdir, bilik olaraq qalacaq.

Səkinə Rzayeva,
Yazıçı-şair,
302 saylı məktəbin direktoru

Keçidlər