Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan naminə

12 iyun 2020 | 11:00

   Məlumdur ki dünyanı bürümüş COVİD-19 infeksiyası bizim ölkəmizdən də yan keçməmişdir. Dünyanın bir hissəsi olaraq gözəgörünməyən virus adlı düşmən bizim də qapımızı döydü və hətta içəri də daxil oldu...
  Lakin dövlətin vaxtında və çevik reaksiyası, dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər  öz bəhrəsini verdi.
  Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda əhalinin mütəmadi olaraq məlumantlandırılması, qabaqlayıcı tədbir olaraq kütləvi toplanmaların qarşısının alınması, az bir vaxtda yeni tipli xəstəxanaların inşa edilməsi, ölkəmizdən kənarda olan vətəndaşlarımıza belə, dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi, aztəminatlı ailələrə maddi yardım göstərilməsi və digər tədbirlər bir daha sübut etdi ki, Azərbaycan dövləti xalqın yanındadır, onun qayğıları ilə yaşayır.
  Hadisələrin gedişi bu millətin nə qədər böyük ürəyə malik olduğunu, necə xeyirxah və yardımsevər olduğunu ortaya qoydu. Xalq öz müdrik rəhbəri ilə əl-ələ verdi. Onun çağırışına qoşuldu. Həkimlərimiz, polislərimiz fədakarlıq göstərdilər. Biz müəllimlər də təhsilimizin inkişafı, balalarımızın təhsili üçün gücümüz çatanı etdik. Öz vəsaitimizlə imkansız şagirdlərimizə internet çəkdirib onlayn dərslərdə iştiraklarına şərait yaratdıq. Müəyyən vəsait toplayıb bir və ya hər iki valideynini itirmiş, imkansız ailələrin uşaqlarına yardımlar etdik, bunu indi də davam etdiririk. Demək olar ki proqram materiallarını başa vurduq.
  Bütün bunlarla yanaşı, məni ziyalı kimi, pedaqoq kimi, yazıçı kimi bir şey narahat edir. Niyə bizim gənclər bu bəlaya laqeyd yanaşırlar?  Niyə hələ də problemin olduğuna inanmaq istəməyənlər var?  Elə olmasa bir qrup insan onun sağlamlığının, millətin varlığının keşiyini çəkən polislərimizin başına zibil tökərdimi?  Doğrudanmı 48 saat evdə qalmaq bu qədər çətin və məşəqqətlidir? Maska taxmaq nə vaxtdan qəbahət və üzücü olub ki, bəziləri bundan imtina edir? Amma onu bilirəm ki bir gün qərar çıxsa ki,  maska taxmaq qadağandır, həmi adamlar mütləq maska taxacaqlar! Bəs necə?  Özlərinin fərqli olmalarını necə sübut eləsinlər? Təəssüf...
  Təbiidir ki belələri təkcə qanunla yola gələn deyil. Bu işdə ictimai qınaq, düzgün təbliğat da vacibdir.
  Ona görə də təklif edirəm ki,  bu məsələdə kimsəyə güzəşt edilməsin, qanunun  bütün sərtliyi ilə müvafiq tədbirlər  həyata keçirilsin. Polislə yanaşı  ziyalılar, müəyyən yaş həddində ağsaqqallar da  prosesə cəlb edilsinlər. İnsanları, xüsusən gəncləri inandıraq, izah edək. Bu çətin gündə qarşıdurmaya, mənasız dartışmalara yol verməyək. Azərbaycan naminə, millət və dövlət naminə.

Şəmsi Qoca,
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
166 nömrəli məktəb-liseyin direktoru

Keçidlər