Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçıları adından bəyanatı qəbul edilmişdir.

26 fevral 2013 | 11:00

Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə keçirilən ““Xocalıya ədalət” kompaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı beynəlxalq konfransa dəvət edilmiş xarici qonaqlar yerli televiziyaya müsahibələr vermiş, Xocalı hadisələrini törədənləri pisləyərək, Yeni Azərbaycan Partiyası və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçıları adından  qəbul edilmiş bəyanatı bütün dünya ictimaiyyəti nümayəndələrinə çatdırılmasına köməklik edəcəklərini bildirmişlər.


BƏYANATIN MƏTNİ:


“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu müdhiş cinayətin iştirakçıları məlumdur. Bunlar Ermənistan Respublikası silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir.
Əvvəlcə Xocalı toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmişlər. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər şikəst edilmişdir. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Onlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər.
Beynəlxalq hüquqi-normativ sənədlər Xocalı qətliamını  soyqırım cinayəti kimi təsvir etməyə əsas verir. Bu baxımdan “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”, “Beynəlxalq Nürnberq Hərbi Tribunalının Nizamnaməsi”, “Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi”, “Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi”, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı və digər sənədlər olduqca əhəmiyyətli hüquqi baza rolunu oynayır.
Xocalı dəhşətləri Meksika, Kolumbiya və Pakistan parlamentləri tərəfindən də soyqırımı kimi qəbul olunsa da, təəssüf ki, beynəlxalq birliyin əksər subyektləri bu məsələdə hələ də gözləmə mövqeyində dayanırlar.  Belə mövqe isə əslində cəzasızlıq mühitinin formalaşmasına xidmət göstərir və cinayətkarı növbəti daha  ağır cinayətlərə şirnikləndirir. Elə məhz bu yanaşmanın nəticəsidir ki, Xocalıda soyqırım cinayətini həyata keçirən Ermənistanın siyasi-hərbi rəhbərliyi ciddi-cəhdlə indi də bu şəhərdəki aeroportu beynəlxalq uçuşlar üçün istifadəyə verməyə hazırlaşır və bununla da Azərbaycanın hava məkanı ilə bağlı suveren hüquqlarını, Beynəlxalq Mülki Aviasiya Təşkilatının Nizamnaməsini və Beynəlxalq Mülki Aviasiya Konvensiyasının müvafiq müddəalarını kobud şəkildə pozmağa hazır olduqlarını nümayiş etdirirlər.
Bütün bunları nəzərə alaraq Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində bir daha “Xocalıya ədalət” şüarını gündəmə gətirir və bununla bağlı haqlı mövqeyimizi bəyan edirik.
-1948-ci il 9 dekabr tarixli BMT-nin “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması” haqqında Konvensiyasının 2-ci maddəsini əsas tutaraq dünyanın aparıcı beynəlxalq qurumlarını və beynəlxalq ictimaiyyəti bu qeyri-insanı, qəddar cinayəti  pisləməyə, habelə Ermənistan Silahlı qüvvələri tərəfindən bəşəriyyət əleyhinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməyə çağırırıq.
- Xocalı soyqırımı zamanı əsir və itkin düşmüş, girov götürülmüş, taleyi bu günə kimi də məlum olmayan vətəndaşlarımızla bağlı məlumatlandırmanın təmin olunması üçün BMT-ni, dünyanın aparıcı dövlətlərinin İnsan hüquqları institutlarını və bu işlə birbaşa məşğul olan Beynəlxalq Qırmızı Xaç Cəmiyyətini Ermənistan hökumətinə lazımi təzyiqlər göstərməyə  dəvət edirik.
- İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin tamamilə və qeyd şərtsiz çıxarılması barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının  1993-cü ildə qəbul etdiyi 4 qətnamələrinin yerinə yetirilməsinin tələb edirik.
- Ermənistanın münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının təmin edilməsini, onların öz doğma yurdlarına dönməsini və Ermənistana beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunmasını tələb edirik.”

Keçidlər