Şriftin ölçüsü :

Saytın rəngi :

“İDEA” İctimai Birliyinin gənc könüllülərinin Qaradağ rayon sakinlərinə tibbi maskaların paylaması aksiyası keçirildi

19 may 2020 | 11:00

   Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniya çərçivəsində koronavirus (COVID-19) pandemiyasının davam etdiyi dövrdə müxtəlif istiqamətlər üzrə cəmiyyətimizin sağlamlığı naminə fəaliyyətə başlayıblar.
   Kampaniyanın məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar Azərbaycan könüllüləri tərəfindən insanların kütləvi toplaşdıqları yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmə işi aparmaqdan, həm dövlətimizə, həm də koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə gecə-gündüz çalışan vətəndaşlarımıza könüllülərin dəstəyini nümayiş etdirməkdən ibarətdir.
  Kampaniyanın birinci günü çərçivəsində könüllülər Qaradağ rayonunun qəsəbələrində daha çox təşviqat xarakterli maarifləndirmə fəaliyyəti aparıb, küçədə maskasız gəzən şəxslərə tibbi maska və əlcəklər təqdim edib, maska taxmağın vacibliyi və istifadə qaydaları barədə məlumat veriblər. Könüllülər insanların çox toplaşdığı yerlərdə (banklar, poçt, mağazalar və s.) sosial məsafənin saxlanılmasını təmin edib, obyektlərə daxil olanların əllərini və mağazalardakı ödəmə terminallarını dezinfeksiya ediblər. Eyni zamanda, könüllülər sakinləri Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara diqqət yetirməyə, zərurət olmadan evdən çıxmamağa çağırıblar. Onlar özlərinin nümunəsində sosial məsafə saxlamağın vacibliyini əyani şəkildə nümayiş etdiriblər.
   Bir daha qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə martın 27-də formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran-Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.
   Fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən rayonun demək olar ki, bütün qəsəbələrində könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bugünədək Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında Qaradağ rayonunda onlarla könüllü iştirak edib.

Keçidlər