Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda könüllü qanvermə aksiyası həyata keçirildi

15 may 2020 | 11:00

   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq 15 may tarixində Qaradağ rayon ictimaiyyəti, idarə və müəssisə əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilmişdir. Sevindirici haldır ki, 2005-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə “Talassemiyasız həyat naminə” proqramına start verilmiş və bununla bütün ictimaiyyət talassemiyalı uşaqlara yardım etməyə çağırılmışdır.
   Əfsuslar olsun ki, Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə düçar olmuş pasiyentlər mövcuddur və bu xəstələrin həyatı kütləvi surətdə keçirilən qanvermə aksiyalarından asılıdır. Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.
   Milli Hemotologiya və Transfiziologiya Mərkəzinin Qan Bankı  tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində keçirilən qanvermə aksiyasında 80 nəfərə yaxın rayon sakini təmənnasız olaraq qan vermişdir.
   Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün əksepidemik tədbirlər görülmüşdür.
   Ümid edirik ki, verilən qan talassemiyadan əziyyət çəkən şəxslərə şəfa bəxş edəcəkdir.

Keçidlər