Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətinə və xalqına xəyanət edənlər öz layiqli cəzalarını alacaqlar.

10 may 2020 | 11:00

   Qaradağ rayonunda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, göstərişlərindən irəli gələn vəzifələrin icrası istiqamətində son vaxtlar daha intensiv və çevik tədbirlər həyata keçirilərək bütün neqativ hallara, o cümlədən, korrupsiya, rüşvətxorluq, süni qiymət artımı, vergidən yayınma, məmur özbaşınalığı, bir sözlə ölkədə həyata keçirilən quruculuq işlərinə kölgə salan bütün xoşagəlməz hallara qarşı məqsədyönlü tədbirlər  daha da gücləndirilmiş, hüquqpozma hallarının baş verməməsi üçün profilaktiki tədbirlərin miqyası genişləndirilmişdir.
   Xüsusilə də, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatlarının 2019-cu ilin sonlarına doğru daha geniş vüsət aldığı və 2020-ci ildə də intensiv şəkildə davam etdirildiyi bir şəraitdə rayon İcra Hakimiyyəti dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların təkrarlanmaması üçün bütün qüvvələri səfərbər etmişdir. Ölkə başçısının açıq çağırışlarına və xəbərdarlıqlarına məhəl qoymayan, ifşa olunmuş yüksək vəzifəli məmurların aqibətindən nəticə çıxarmayan, aparılan islahatların mənasını dərindən dərk etməyən bəzi dövlət qulluqçularını üzə çıxarıb ifşa etmək istiqamətində təsirli tədbirlər görülmüşdür. Bir sıra rayonların icra başçılarının və onların əlaltıları olan vəzifəli şəxslərinin, Mədəniyyət Nazirliyinin yüksək çinli məmurlarının öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafeylərinə zərər vurmaları və belə üzdəniraq vəzifə sahiblərinin həbs olunmaları  hiddətlə qarşılanaraq ən kəskin tərzdə etirazlar yaratmışdır.
   Qaradağ  rayon İcra Hakimiyyəti  tabeliyində olan ərazi icra nümayəndəliklərində və təşkilatlarda belə xoşagəlməz halların baş verməməsi üçün ötən 2 ay müddətində ciddi maarifləndirmə və qabaqlayıcı tədbirlər həyata keçirmiş, 2019-cu ilin yekunlarına dair 2020-ci ilin fevral ayında keçirilən hesabat yığıncağında ölkədə həyata keçirilən quruculuq işlərinə kölgə salan belə neqativ halların qətiyyətlə pislənilərək Azərbaycan Prezidentinin bu istiqamətdə qətiyyətli siyasətinə rayon ictimaiyyətinin elliklə dəstəyi nümayiş  etdirilmişdir.
   Koronavirus infeksiyasının (COVİD-19)  yayılmasının qarşısının alınması  məqsədilə  Azərbaycan  Respublikası Nazirlər Kabineti yanında yaradılmış  Operativ Qərargahın 13 mart 2020-ci il tarixli müşavirəsində qəbul olunmuş  qərarın icra vəziyyətinin araşdırılması ilə əlaqədar  rayon komissiyası  yaradılmış və rayon İcra Hakimiyyəti başçısının 46 şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində karantin dövründə qərargahın tələblərinə əməl olunması vəziyyəti  araşdırılmışdır.
  Ölkə başçısının təşəbbüsü ilə aparılan islahatların əsas xətlərindən biri olan korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, dövlət qulluqçularının şəffaf fəaliyyət göstərməsi istiqamətində Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər daha geniş miqyasda aparılacaq, ötən aylar ərzində respublikada öz cinayət əməllərinə görə ifşa olunmuş vəzifəli şəxslərin aqibətindən nəticə çıxarmayanlar barədə ciddi ölçü tədbirləri görüləcəkdir.

Keçidlər