Şriftin ölçüsü :

Saytın rəngi :

Vəzifə səlahiyyətlərini aşmaq cinayətdir.

11 may 2020 | 11:00

   Son illər, xüsusilə 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti tərəfindən başlanmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarından etibarən daha geniş vüsət almış və hazırda bu işlər  intensiv şəkildə davam etdirilməkdədir.
   Aparılan islahatların əsasını xüsusilə korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Hər cür neqativ hallara, xüsusilə korrupsiyaya və rüşvətxorluğa son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara etinasız yanaşan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan bəzi vəzifəli şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət-hüquqi tədbirlərin görülməsi məqsədəuyğun sayılmışdır.
   Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, Neftçala və İmişli rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin vəzifə səlahiyyətlərini aşdıqlarına, dövlət əmlakını taladıqlarına və korrupsiya hallarına yol verdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur. Bağışlanmaz haldır ki, qeyd olunan neqativ hallara hətta mərkəzi icra aparatı orqanlarının səlahiyyətli şəxsləri də yol verirlər.
   Belə ki, 8 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində xüsusi əməliyyat həyata keçirilmişdir.
   Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən  sui istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ciddi ziyan vurduqları üçün təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri görülmüşdür.
   Mədəniyyətimizin keşiyində durmalı, mədəni sərvətlərimizin qorunmasını, xalqa çatdırılmasını təmin etməli olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi zəruridir.

Keçidlər