Qaradağ rayonunun küçələri xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparıldı.
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu gün Bakının 150-dən çox əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.
Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xüsusi tədbirlər görülür.
Bu işlər Qaradağ rayonunda da daim diqqət mərkəzindədir. Belə ki, 18 aprel 2020-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsinin ümumi uzunluğu 16 km olan B.Niftəliyev, İ.Nəbiyev, 28 May, Nizami, Musəvi, S.Orucov, N.Nərimanov, Bünyatzadə, 20 yanvar, V.Əsgərov küçələri də xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş məhlul ilə dezinfeksiya edildi.
Məsələnin ciddiliyi nəzərə alınaraq gündəlik olaraq yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, ən vacibi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
Hər gün səhər saatlarında suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla küçələr və əsas yollar, yol kənarlarındakı məhəccərlər və s. də yuyulur.
Həmçinin Qaradağ rayonunda kooperativ binaların və yaşayış komplekslərinin rəhbərlərinə də öz ərazilərində bu kimi profilaktiki tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Eyni zamanda rayon sakinlərinin istifadə etdikləri ticarət mərkəzlərində və mağazalarda dezinfeksiya işləri aparılır, əlavə qabaqlayıcı tədbirlər görülür. Xüsusilə bazarlarda təmizlik işlərinə nəzarət gücləndirilib. Bazar rəhbərlikləri gündəlik olaraq axşam saatlarında ticarət bitdikdən sonra bazarda tam təmizlik işlərinin və bütün satış sahələrinin dezinfeksiyasının aparılması ilə bağlı xəbərdarlıq edilib və aparılan işlər aidiyyəti qurumların nəzarətinə alınıb.
Bir daha hər bir vətəndaşa şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi xatırladırıq.