Qaradağda xüsusi karantin rejimində təbliğat, maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir
Qaradağ rayonunda bir neçə gündür aparılan təbliğat işlərinin nəticəsi olaraq vətəndaşlar xüsusi karantin rejiminə tabe olurlar. Buna baxmayaraq qəsəbələrdə çalışan mobil qrup üzvləri evdən çıxan vətəndaşlara bir daha xüsusi karantin haqqında məlumatlar verirlər. Sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli plakatlar hazırlanmış və rayonun bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində, dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asılmışdır.
Qaradağ rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş könüllülərdən ibarət qruplar qəsəbələrdə yaşı 65-dən çox olan və tənha yaşayan sakinləri evlərində ziyarət edir, onlara ərzaq və dərman yardımı ilə köməklik edirlər.
Qeyd edək ki, dezinfeksiya işləri də gündəlik olaraq rayonunun bütün qəsəbələri olmaqla, Lökbatan, Sahil, Çeyildağ, Ümid və Ələt qəsəbələrinin ərazisində də davam etdirilir. Rayonun qəsəbələrində dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilmişdir. Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilmiş, bildirilmişdir ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.
Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılmışdır. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulmuşdur.