Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirildi
25 fevral 2019-cu il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalı sakinləri iştirak edirdilər.
Tədbirə gələn qonaqlar Heydər Əliyev Mərkəzinin foyesində 5 nömrəli Uşaq İncəsənət Musiqi Məktəbinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş rəsm işlərindən ibarət kompozisiyaya baxdılar və 166 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeir dinlədilər.
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Xocalı soyqırımında həlak olanların xatirəsini yad etdilər. Sonra Xocalı hadisələrindən bəhs edən film nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova öz çıxışında qeyd etdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı, qəddar səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul etdi. Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə təbliğat aparılır, erməni vandalizminin bütün gerçəklikləri dünyaya nümayiş olunur.
Bu yaxınlarda Münhen Təhlükəsik konfransında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında debat olmuşdur. Cənab prezident bütün dünyanın gözü qarşısında erməni tərəfinin işğalçı və vəhşi etnik təmizləmə siyasətini tənqid etdi. Tarixi faktlara sübut etdi ki, Dağlıq Qarabağa ermənilər son yüzillikdə yerləşdirilib. Bu ərazidə heç bir erməni mirası yoxdur. Nəinki Qarabağ, həm də ətraf 7 Azərbaycan rayonu işğal olunub, Xocalı soyqırımı törədilib, 1milyondan çox insan qaçqın düşüb. Ermənistanın baş nazirinin bütün yalanlarını dünyanın gözü qarşısında yerlə yeksan etdi, onu çıxılmaz vəziyyətə saldı, İrəvanın qədim Azərbaycan şəhəri olduğunu, Ermənistan Respublikası yaradılarkən paytaxt kimi Ermənistana verildiyini xatırlatdı. Paşinyan aciz vəziyyətdə dili topuq çala-çala nələri isə izah etməyə çalışsa da, özünü və dövlətini daha da rüsvay etdi.
Sonra YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirdi. Natiq öz nitqində Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etməsinin aşkar bir gerçəklik olduğunu da iştirakçıların nəzərinə çatdırdı və bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırım kimi qiymət verildiyini qeyd etdi.
Sonra rayonda məskunlaşmış Xocalı sakinləri adından çıxış edən şəhid ailəsi Fəridə Cabbarova bildirdi ki, bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələlər həllini gözləyir.
Görüşdə Xocalıların arzu və təklifləri dinlənilmiş, onları narahat edən problemlərin həlli istiqamətində aidiyyəti qurumlara göstərişlər verilmişdir.
Görüşün sonunda Qaradağ rayonu ərazisində məskunlaşmış 117 Xocalı ailəsinə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardım verilmişdir.