Abituriyentlərlə görüş keçirilmişdir.
Azərbaycan İlahiyyat İnstitutunun, Qaradağ Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonunda yerləşən Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseydə təhsil alan abituriyentlərlə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Şəmsi Qocayev qonaqları salamlayaraq bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilə qayğı yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən islahatlar, ilk növbədə, Azərbaycanın xoşbəxt və firavan gələcəyinə hesablanmışdır.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov müstəqil Azərbaycan Respublikasında təhsilə, onun inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət yetirildiyini vurğulayıb. Müasir cəmiyyətin inkişafında təhsilin müstəsna rolu olduğunu qeyd edən Aİİ rəhbəri bildirib ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə elmin, təhsilin maddi-texniki bazası inkişaf etdirilir, yeniləşir, ən müasir, qabaqcıl texnologiyalar ilə təmin olunur. Aİİ rəhbəri abituriyentlərə qarşıya qoyduqları məqsədlər naminə səylə çalışmağı tövsiyə edib: “Gənclərimiz xalqımızın millli-mənəvi, əxlaqi dəyərlərinə sədaqət ruhunda tərbiyə olunmalıdırlar. Müstəqil Azərbaycanın gələcəyi bugünkü gənc nəslin düzgün təlim-tərbiyəsindən asılıdır”.
C.Məmmədov daha sonra ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bunun ən bariz nümunəsinin Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Rektor ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında da ətraflı məlumat verib.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək bildirib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycanın müsəlman ölkələri arasında vəhdət, dini həmrəylik proseslərində öndə getməyə qadir olduğunu qeyd etmişdir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Prezident İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov gəncləri öz təsir dairəsinə salmağa cəhd edən, milli-mənəvi dəyərlərimizə zərbə vurmağa çalışan qeyri-ənənəvi radikal dini cərəyanlarla mübarizədə təhsilin, maarifçiliyin əhəmiyyətini vurğulayıb.
Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tələbələrin daha yaxşı təhsil almaları üçün İnstitutda yaradılan şəraitdən bəhs edib. Tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. O qeyd edib ki, İnstitut kollektivi gənclərin zəngindünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadr kimi yetişmələri istiqamətində səylə çalışır.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olunmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını vurğulayıb. Bundan başqa, tələbələrin ödənişsiz geyim və dərsliklərlə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini qeyd edib.
Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.