“Xocalıya Ədalət” kampaniyası: “Siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə keçirilən ““Xocalıya ədalət” kompaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı beynəlxalq konfrans öz işinə başlamışdır.
Konfransın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin deputatı Mixail Zabelin, Heydər Əliyev Fondunun nümayəndəsi Anar Ələkbərov, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Lətif Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi elmlər doktoru Mürtəza Həsənov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, tarix elmləri doktoru Anar İsgəndərov, ölkəmizdə fəaliyyət göstərən Türkiyə, Qırğızıstan, Ukrayna dövlətlərinin səfirliklərinin nümayəndələri, Türkiyədən gəlmiş siyasi elmlər üzrə fəlsəfə doktoru Tayfun Atmaca, Ahıska Türk Dərnəkləri Federasiyasının Baş katibi Ertan Topçu, Türk Dünyası İnsan Hüquqları Təşkilatının sədri Abdullah Buksur, Bolqarıstandan gəlmiş Beynəlxalq İnsan Hüquqları üzrə ekspert Zəkiyə Həbib, Makedoniyadan gəlmiş tədqiqatçı Sezen Seyfullah, Moldovadan gəlmiş Ekatrine Petkoviç, Ukraynadan gəlmiş Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti, tarix elmləri namizədi Oleq Kupçik və Andjey Modjevskiy adına Krakov Akademiyasının professoru, Kiyev Milli Linqvistik Universitetinin hüquq fakültəsinin müdiri Aleksandr Merejko iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu bildirdi. Bu qətliamın müəlliflərinin isə özlərini dünyaya “əzabkeş” kimi təqdim edən erməni millətçiləri olduğunu bildirərək, xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının hər il daha geniş miqyasda qeyd olunduğunu, fəlakət qurbanlarının xatirəsinin əziz tutulduğunu nəzərə çatdırmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdi. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edilərək, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiyanın müəyyənləşdiyini vurğuladı. Məhz bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycan haqqında əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılması, bu istiqamətdə təbliğat və təşviqatın aparılması, erməni vandalizminin bütün gerçəklikləri ilə dünyaya nümayiş olunmasını mühüm amil kimi qeyd edib.
Daha sonra Xocalı soyqırımında həlak olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Xocalı qətliamının dəhşətlərini əks etdirən film nümayiş etdirildi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz nitqində Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etməsi aşkar bir gerçəklik olduğunu bildirdi. Xocalı faciəsi erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsi kimi müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi riyakarlıqla həyata keçirilən bu mənfur siyasətə heç zaman ara verilmədiyini, gah qanlı toqquşmalara səbəb olmuş, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələndiyini vurğulamışdır.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov bu cür tədbirlərin keçirilməsində əsas məqsədin Xocalı faciəsinə bəşəriyyətin diqqətini yönəltmək olduğunu vurğulamışdır. O bildirmişdir ki, dünya dövlətləri, təşkilatları Xocalı faciəsinin həqiqətlərini bilsələr ona düzgün qiymətin verilməsinə nail ola bilərik. Natiq qeyd etmişdir ki, bütün vətəndaşlarımız Xocalı faciəsinin bütün beynəlxalq təşkilatlar qarşısında XX əsrin dəhşətli faciələrindən biri kimi tanıdılmasına nail olmaq üçün səylərini daha da artıracaqlar. Qarşımızda duran əsas vəzifələrdən biri isə - bu cinayəti törədənlərin qanun qarşısında cavab verilməsinə nail olmamızdır.
Öz növbəsində Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov erməni millətçiləri tərəfindən törədilən vəhşiliklərin dünya ictimaiyyətinə daha geniş, səmərəli çatdırılmasının əhəmiyyətini qeyd etmişdir.
Milli Məclisin deputatı Mixail Zabelin Dağlıq Qarabağ münaqişəsinin canlı şahidi kimi ermənilərin törətdiyi soyqırımı insan amansızlığının ən yüksək həddi kimi dəyərləndirdi.