Şriftin ölçüsü :

Saytın rəngi :

“20 yanvar faciəsi xalqımızın qan yaddaşıdır”

17 yanvar 2020 | 11:00

   Qaradağ rayonunun bütün ümumtəhsil məktəblərində 20 yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbirlər  planı  hazırlanmış, bütün məktəblərdə  20 yanvar faciəsi  ilə  əlaqədar  anım günü  qeyd  olunmuşdur. Faciə  ilə əlaqədar   təhsil  müəssisələrində divar qəzetləri çıxarılmış, rəsm sərgiləri təşkil olunmuş və inşa yazı müsabiqəsi keçirilmişdir. Bütün məktəblərdə birinci saat dərslər 20 yanvar faciəsinə həsr edilmiş, açıq dərslər keçirilmiş və ədəbi-bədii kompozisiyalar təşkil olunmuşdur.
   Rayonun Qobustan qəsəbəsindəki 20 yanvar şəhidi Azad Rzayev adına 223 saylı tam orta məktəbdə də faciənin otuzuncu ildönümü ilə bağlı “20 yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilmişdir. Dövlət himninin oxunmasından sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla 20 yanvar faciəsi zamanı həlak olanların xatirəsini yad etdilər.
   Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti Başcısının müavini Təranə İsmayılova çıxış edərək bildirdi ki, dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir. Bu elə bir tarixdir ki, bizdən sonrakı nəsillər də xalqımıza qarşı yönələn bu cinayətin törədilmə səbəblərini öyrənəcək, əlləri yüzlərlə günahsız adamın qanına batmış cəlladları, onların əlaltılarını lənətləyəcək, 20 yanvar faciəsi zamanı işgəncələrə məruz qalan vətən övladlarını zaman-zaman xatırlayacaqlar.
   Sonra 20 yanvar şəhidi Azad Rzayev adına 223 saylı tam orta məktəbin direktoru Nailə Eyvazova
çıxış edərək, bildirdi ki, məktəbimizin adını daşıdığı 20 yanvar şəhidi Azad Rzayev bu məktəbdə təhsil almışdır, bu gün onun nəvələri burada təhsil alır. Zalda şəhidimiz Azad Rzayevə dərs demiş müəllimlər əyləşib. Bu kədərli faciənin otuzuncu ildönümü günündə 20 yanvar  şəhidlərinin əziz xatirəsini bir daha yad etdi, onlara Allahdan rəhmət dilədi, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha  dərin hüzünlə başsağlığı verdi. Qeyd etdi ki, həmin günlər heç vaxt unudulmamalı və Qaradağ rayonunun bütün ümumtəhsil məktəblərində müəllimlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında səylərini artırmalıdırlar.
   Sonra məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Uşaqların söylədikləri 20 yanvar faciəsindən bəhs edən şerlər, şagirdlərin ifasında səslənən musiqi nömrələri,  hazırladıqları səhnəciklər böyük maraqla qarşılandı.

Keçidlər