Korgöz qəsəbəsində sakinlərin problemləri müzakirə olunub
Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə paytaxtın qəsəbələrində keçirilən “Qəsəbə aylığı” görüşləri çərçivəsində Qaradağ rayonu Korgöz qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti görüş keçirilmişdir.
Korgöz qəsəbə sakinlərinin iştirakı ilə təşkil olunan görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilə yanaşı Qaradağ rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləmişlər.
Əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Korgöz qəsəbəsi üzrə nümayəndəsi Ramiz Daşdiyev qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilmişdir.
Sakinlərin böyük fəallığı, yaradılan səmimi abu-hava şəraitində və ənənəvi “Açıq mikrofon” formatında ilə keçən görüşdə çıxış edən qəsəbə sakinləri Bakı şəhərində, eyni zamanda, Qaradağ rayonunun Korgöz qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə ediblər.
Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər.
Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinlərindən 8 nəfəri fərdi qaydada dinlənilmişdir.
Sakinləri narahat edən problemlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.