Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi altında Qaradağ rayon məktəblilərinin Qərb bölgəsinə (Gəncə, Şəmkir və Göygöl) yolasalma mərasimi keçirildi

13 noyabr 2019 | 11:00

   13 noyabr 2019-cu il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyasına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon icra hakimiyyətinin əməkdaşları, ziyalılar, məktəb direktorları, valideynlər iştirak ediblər.
    İlk öncə məktəblilər ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzərək Ümummilli Liderin əziz xatirəsini yad ediblər.
  Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov bildirdi ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalarının təşkil olunması artıq ənənə halını almışdır. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır. Əvvəlki illərdə iştirak edən şagirdlərin zəngin və xoş təəssüratlar ilə döndüklərini qeyd edərək bu səfərində çox uğurlu və faydalı olacağına əmin olduğunu vurğuladı.
   Bildirdi ki, tur-aksiya çərçivəsində 13-16 noyabr tarixlərində Qaradağ rayonundan olan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edəcək və eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər. Gəncə şəhərində Qədim qala divarları, Gəncə tarix diyarşünaslıq muzeyi, “İmamzadə” Kompleksi, Nizami Gəncəvinin məqbərəsi, Şəmkirdə “Orta əsr Şəmkir şəhəri”, Alman kilsəsi, “İstiqlal” parkı, Göygöldə Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Göygöl milli parkı və digər məkanlara  ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.
   Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər ölkə başçısının və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər və gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar.
   Sonda məktəblilər rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, müəllimlər və valideynlərin iştirakı ilə Gəncə, Şəmkir və Göygöl istiqamətinə təntənəli şəkildə yola salındılar.

Keçidlər