09 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təntənəli bayraq yürüşü və konsert keçirildi
08 noyabr 2019-cu il tarixində Qaradağ rayon ərazisində yerləşən N saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə təntənəli bayraq yürüşü keçirildi. Yürüş Lökbatan qəsəbəsinin 28 May küçəsini əhatə etməklə Ə.Əmirov adına Mədəniyyət Sarayına kimi davam etdi.
Sarayın foyesində 7 nömrəli Bakı Uşaq və Gənclər İnkişaf Mərkəzinin Milli Bayrağımızı əks etdirən rəsmlərindən və əl işlərindən ibarət guşə sərgilənirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova dövlət bayrağının təsis olunması tarixi və müstəqil ölkəmizdə dövlət atributu kimi ona göstərilən ehtiramdan danışdı. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunaraq ikinci dəfə rəsmi surətdə qaldırıldı. 21 may 1991-ci ildə isə Bayrağımız Azərbaycan Respublikası Parlamentinin üzərinə qaldırıldı. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncama əsasən 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd edilir. Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Meydanının yaradılması milli mənəvi dəyərlərimizə, dövlət atributlarımıza ehtiramın bariz nümunəsi olduğunu söylədi. Bu tarixdən etibarən “Bayraq günü” Azərbaycanda və ondan kənarda yaşayan azərbaycanlılar arasında təmtəraqla qeyd olunur. Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Dövlət Bayrağının dövlətçilik ənənələrinin vacib atributu, hakimiyyət və müstəqilliyin göstəricisi olmasından danışdı. Dövlətin mövcudluğunu sübut edən bayrağı, konstitusiyanı, gerbi sevməyin, onlara hörmət və ehtiram bəsləməyin vacibliyini vurğulayan çıxışçı sozügedən atributları gənc nəslə daim uca tutmağı tövsiyyə etdi.
Daha sonra Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert keçirildi. Konsertdə respublikamızın tanınmış incəsənət xadimlərinin ifaları rayon sakinlərinin böyük marağına səbəb oldu.