“Ailə daxili münasibətlərin sosial rollara təsiri müsbət valideynlik” mövzusunda təlim keçirilmişdir
25 oktyabr 2019-cu il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə “Ailə daxili münasibətlərin sosial rollara təsiri müsbət valideynlik” mövzusunda təlim keçirilmişdir.
Təlimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Məftunə İsmayılova, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Məlahət Mövsümova, Qaradağ Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin xidmət üzrə baş inspektoru Orxan Hüseynov, rayon icra hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakarlıq üzrə monitorinq qrupu” nun üzvləri, rayonun ümumtəhsil müəssisələrinin nümayəndələri, ağbirçəklər iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbiri açaraq, dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinin məhz ailə siyasəti təşkil etdiyini bildirmiş, milli mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmışdır. Xalqımız üçün milli-mənəvi dəyərlərin hər zaman mühüm əhəmiyyət kəsb etdiyini, xüsusilə ailə anlayışının tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunduğunu qeyd etdi. Rayon icra hakimiyyəti tərəfindən ailələrlə bağlı görülən işlər, bu sahədə həyata keçirilən tədbirlər, ərizə və şikayətlərə baxılması barədə ətraflı məlumat verdi.
Daha sonra başlayan təlimdə bildirilmişdir ki, ailə - nikah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır. İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Nikah kişi ilə qadın arasında, valideynlərlə uşaqlar arasında münasibətləri müəyyənləşdirir, müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir. Ailəyə kiçik sosial qrup kimi də baxmaq olar. Ailənin mahiyyəti onun qurluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur.
Qeyd edilimişdir ki, ailə tərbiyəsi geniş imkanlara malikdir. O, ünsiyyət, əmək və şəxsi nümunə, davranışın qiymətləndirilməsi, mükafatlandırma və cəzalandırma kimi təsir formalarından istifadə edir. Ailə ünsiyyəti uşaqların intellektual qabiliyyətinin stimullaşdırılmasında böyük rol oynayır. Sosioloji tədqiqat göstərir ki ailə tərbiyəsinin səmərəliliyi onun tərkibindən (bütöv və ya yarımçıq olmasından), mənəvi-psixoloji iqlimindən, sosial istiqamətindən, valideynlərin şəxsi nümunəsi və nüfuzundan, onların ümumi və pedoqoji mədəniyyətindən, uşaqlarla ünsiyyətin xarakterindən asılıdır.
Ən qədim ictimai institutlardan biri olan ailə cəmiyyətin özəyi sayılır. Cəmiyyətin bir çox ənənələrini qoruyub yaşadan ailə dəyərləri illər keçdikcə öz əhəmiyyətini, tarixiliyini itirmir, əksinə daha da inkişaf edir və formalaşır. Məlumat verilib ki, ölkəmizdə ailə, qadın və uşaq problemləri ilə bağlı məsələlərin həlli istiqamətində fəal siyasət həyata keçirilir.
Təlimdə həmçinin valideynlərin uşağın qayğısına qalması, qorunması, təhsili, psixi sağlamlığının qorunması, səmərəli vaxt keçirmək, uşağın həyatı və gələcəyi barədə düzgün qərarlar almaq, uşaqla sağlam ünsiyyət qurmaq, mənəvi cəhətdən dayaq olmaq, uşağın məsrəflərini təmin etmək və məsuliyyətləri tanımaq haqqında müzakirələr aparılıb. Tövsiyə edilib ki, uşaqla söhbət etmək üçün hər gün mütləq vaxt ayırmalı, söyləmək istədiyi bir şey olduğu zaman onu heç vaxt ertələməmək, uşağı dinləyərkən başqa işlərlə məşğul olmamaq, danışdığı vaxt gözlərinin içinə baxaraq, bədən dili mesajlarına diqqət etmək, aktiv bir dinləyici olmaq lazımdır. Diqqət ediləsi məqamlardan danışılaraq bildirilib ki, ata – ana uşaqlarla bağlı qərarları birlikdə verməli, bir-birlərinin valideynlik hüquqlarına hörmətlə yanaşmalı, uşaqlara göstərilən valideynlik münasibətində həmfikir olmaqla hər bir hərəkət ilə uşağa nümunə olmalıdırlar.
Təlim müzakirələrlə davam edilib, sonda iştirakçılara maarifləndirici vəsaitlər təqdim edilib.