Şriftin ölçüsü :

Saytın rəngi :

Sevimli şairimiz Mikayıl Müşfiqin adını daşıyan park yenidənqurmadan sonra istifadəyə verilmişdir

15 oktyabr 2019 | 11:00

   15 oktyabr 2019-cu il tarixində Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiqin abidəsinin və  adını daşıyan parkın açılışı olmuşdur.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədəbi ictimaiyyətə göstərdiyi diqqət və qayğının davamı olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə adını daşıdığı Müşfiqabad qəsəbəsində təxminən 30 il əvvəl qoyulmuş müasir tələblərə və standartlara cavab verməyən büst, bu gün ağ mərmərdən olan və Mikayıl Müşfiqin özünə yaraşan yeni büstlə əvəz olunmuş, parkda isə abadlıq və yenidənqurma işləri aparılmışdır. Şairin adını daşıyan parkın sahəsi xeyli genişləndirilmiş və şairin yeni tərtibatda abidəsi qoyulmuşdur.
   Abidənin açılış tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli məclisin deputatı Mixail Zabelin, Milli məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, tanınmış alimlər, incəsənət xadimləri, Mikayıl Müşfiqin qohumları, qəsəbə sakinləri və digər qonaqlar iştirak etmişdir. 
   Açılış mərasimində çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Mikayıl Müşfiqin Azərbaycan poeziyasında, Azərbaycan dilinin inkişafında böyük rol oynamış şairlərimizdən biri olduğunu söyləmişdi. Daha sonra qeyd etmişdir ki, açılış tədbiri 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü ərəfəsinə təsadüf edir. Bu gün Azərbaycan müstəqil dövlətdir və Mikayıl Müşfiqin bütün arzuları həyata keçmişdir. Xalqının azadlığı, ideyaları uğrunda ölümə gedən Mikayıl Müşfiqin ruhu şaddır. Ümummilli lider Heydər Əliyevin Müşfiq şəxsiyyətinə dərin hörmətlə yanaşmış, onun adına qəsəbə, məktəblər, küçələr salınmış, ölkəmizin müxtəlif bölgələrində abidələri ucaldılmışdır. Bu gün dövlət başçısı, möhtərəm prezidentimiz İlham Əliyev bütün sahələr kimi ədəbiyyat, incəsənət sahəsinə böyük diqqət və qayğı göstərir, bu sahədə böyük intibah yaşanır. Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğatında göstərdiyi xidmətlər əvəzolunmazdır. Dövlətimiz gün-gündən hərtərəfli inkişaf edir və buna görə də hər birimiz dövlət başçısına minnətdarıq.
   Milli məclisin deputatı Aydın Hüseynov isə öz çıxışında demişdir,  Mikayıl Müşfiqin yubileyləri dövlət başçısının sərəncamları ilə qeyd edilir. 2008-ci ildə 100 illiyi, 2018-ci ildə isə 110 illik yubileyi Qaradağ rayonunda təntənə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər siyahısına daxil edilmişdir.
   Daha sonra əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, aparıcı Qafar Əsgərzadə, qonaqlardan “Şöhrət” ordenli əməkdar müəllim Ofelya Babayeva, professor, kulturoloq Fuad Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və digərləri Mikayıl Müşfiqin milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyalarının təşəkkül tapması uğrunda mübarizə aparmasından söhbət açmışlar.
   Mikayıl Müşfiqin “Oxu tar”, “Sındırılan saz”, “Yenə o bağ olaydı”, “Ana” kimi ölməz şeirləri xalqın yaddaşına əbədi həkk olunmuş və ölümündən 80 ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də dillər əzbəridir. Xalq artisti Nürəddin Mehdixanlı Mikayıl Müşfiqə həsr etdiyi şeirini söyləmiş, Xalq artisti Zaur Rzayev “Oxu tar” mahnısını ifa etmişdir. Müşfiqabad qəsəbəsində yerləşən 274 nömrəli tam orta məktəbin şagirdləri Mikayıl Müşfiqin şerlərini söyləmişdilər.
   Sonda Mikayıl Müşfiqin ailə üzvləri adından Dilbər Axundzadənin qızı Leyla Axundzadə şairin ruhuna göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
   Sonda xatirə şəkili çəkilmişdir.

 

Keçidlər