Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu
Oktyabrın 4-də Qaradağ Rayonunun Sahil qəsəbəsindəki “Xəzri” Şadlıq sarayında Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsi ilə birgə 05 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş ümumrayon tədbiri keçirmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, rayon icra hakimiyyəti başçısının yanında şura üzvləri, rayonun təhsil müəssisələrinin rəhbərləri və qabaqcıl təhsil işçiləri iştirak edirdilər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu xüsusi vurğulamışdır. Ulu öndərimiz Heydər Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışmış, dahi rəhbərimizin müdrik siyasətinin bu gün Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, ali məktəblərə bu il rayon üzrə 929 nəfər sənəd vermiş, onlardan 585 nəfəri tələbə adını qazanmışdır. Bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş18 şagirdimiz 600-dən yuxarı bal toplayaraq respublikamızın qabaqcıl ali məktəblərinə daxil olmuşlar. Beynəlxalq və respublika səviyyəli idman, incəsənət, elm və təhsil sahəsində müxtəlif yarışlarda uğurları olan məktəblilərin də adı qeyd olunmuşdur.
Yüksək diqqətə görə rayonun təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirən S.Mikayılov məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsindəki xidmətlərini xüsusi qeyd etmişdir.
Təhsildə fərqlənən bir qrup qabaqcıl direktor və müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva çıxış edərək, müəllimləri, ümumən rayonun bütün təhsil işçilərini 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik etmişdir. Azərbaycanda müəllim əməyinə və şəxsiyyətinə daim yüksək qiymət verildiyini bildirən natiq müstəqil Azərbaycanın gələcəyinin məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu qeyd etmişdir.
Çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Tədbirdə rayonun mədəniyyət kollektivlərinin, Sahil qəsəbəsindəki 5 nömrəli Uşaq İncəsənət məktəbinin və Ə.Kazımov adına 319 nömrəli tam orta məktəbin kiçik yaşlı məktəblilərinin ifasında maraqlı musiqi proqramı təqdim olunmuşdur.