“21 sentyabr – Beynəlxalq sülh günü”dür
18 sentyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “21 sentyabr – Beynəlxalq sülh günü” ilə əlaqədar rayonun fəal gəncləri ilə dəyirmi masa keçirildi.
Dəyirmi masanı giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İlqar Qasımov Beynəlxalq sülh gününün BMT tərəfindən təsisolma tarixindən, yaranma səbəblərindən danışaraq keçirilən yığıncağın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü və Qaradağ İcra Hakimiyyəti başçısının xüsusi göstərişi ilə təşkil olunmasından danışdı. Qeyd olundu ki, Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır və həmin gün bütün dünyada atəşkəs elan olunur.
288 saylı məktəbin tarix müəllimi Fərqanə Bağırova sülhün bərqərar olması və qorunması ilə bağlı məktəblərdə keçirilən tədbirlərdən və görülməsi vacib olan işlərdən danışdı. Diqqətə çatdırdı ki, müvafiq mövzuda yuxarı sinif şagirdləri arasında inşa-yazı və bədii qiraət müsabiqələri, ədəbi-bədii kompozisiyalar keçirilmişdir.
Azərbaycanın sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edildiyini və bu səbəbdən multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfransların məhz ölkəmizdə keçirildiyini diqqətə çatdıran rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Səmayə Şıxəliyeva qeyd etdi ki, bütün sahələr üzrə, o cümlədən hərbi hazırlıqda Ermənistan Azərbaycanla heç cür müqayisə oluna bilmir və onun ölkəmizin əldə etdiyi nailiyyətlərə yaxınlaşmaq şansı belə sıfra bərabərdir. Lakin bütün bu üstünlüklərə baxmayaraq qüdrətli və güclü orduya malik Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çalışır və bütün dünyaya sülhün carçısı olduğumuzu əsaslı dəlillərlə sübut edir.
Gənclər adından çıxış edən YAP Qaradağ rayon Təşkilatının gənclər birliyinin sədri Seyidməmməd Məmmədzadə, fəal gənc BDU-nin tələbəsi Səbinə Hüseynli sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürdüyünü söylədilər. Qeyd etdilər ki, bütün bunlara nail olmaq üçün daha güclü, daha qüdrətli olmalı, bilik səviyyəmizi yorulmadan artıraraq daha yüksək iqtisadi nailiyyətlərə imza atmalıyıq. Ulu Öndər Heydər Əliyevin sözlərinə istinadən “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!”