"N" hərbi hissədə tədbir keçirildi
Bu günlərdə Qaradağ rayon İcra Hakimiyyətinin təşkilatçılığı və "BOSSELF"in dəstəyi ilə Qaradağ rayon Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ön xətdə yerləşən "N" hərbi hissədə tədbiri keçirildi.
Həmin gün YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının bir qrup fəal üzvü hərbi hissədə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış oldular, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə etdilər.
Qonaqlar burada həyata keçirilən islahatlarla tanış oldular, əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan şəraitdən, ərzaq, əşya, eləcə də digər təminatın keyfiyyətindən məmnun qaldıqlarını bildirdilər, dövlət başçısına Azərbaycan Ordusunda xidmət edən övladlarımıza yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə etdilər.
Qonaqları müşayiət edən polkovnik Elşad Əbilov bildirdi ki, ordu quruculuğundakı uğurlar hamınızın gözü önündədir. Bütün bunlar – Azərbaycan Ordusunun gücünün, döyüş əhval-ruhiyyəsinin artırılması, müasir hərbi texnika ilə təchiz olunması, əsgərlərin, hərbi qulluqçuların məişət şəraitinin yüksəldilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir.
Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.
Təşkil edilən konsert proqramına görə qonaqlara minnətdarlığını ifadə edən polkovnik Elşad Əbilov bildirdi ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə inkişaf edərək daha da qüdrətlənir. Prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycanın möhtəşəm uğurlara nail olduğunu qeyd edən zabit respublikanın müdafiə qabiliyyətinin durmadan möhkəmləndiyini, hərbi-texniki potensialın gücləndirilməsi ilə Azərbaycan Ordusunun Cənubi Qafqazda ən güclü orduya çevrildiyini diqqətə çatdırdı: "Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu da yüksək səviyyədədir. Azərbaycanın möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu var. Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır".
YAP Qaradağ rayon Qadınlar Şurasının sədri Hicran Xəlilova qeyd etdi ki, XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğunun, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider tərəfindən işlənib hazırlanmış mükəmməl siyasi islahatlar strategiyası müstəqil Azərbaycanın dünyanın aparıcı dövlətləri arasında nüfuzunun yüksəlməsinə zəmin yaratdı.
Bu gün Respublikamızın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla davam etdirildiyini xüsusi olaraq vurğulayan Hicran Xəlilova bu sahədə qazanılan nailiyyətlərin qürur hissi doğurduğunu, respublikamızda siyasi-iqtisadi və sosial islahatların mütəmadi olaraq həyata keçirildiyini sözlərinə əlavə etdi.
Sonda Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində hərbi qulluqçularımıza uğurlar diləyən Qaradağ rayon Qadınlar Şurasının sədri bildirdi ki, dövlətimizin müstəqilliyi onların sayəsində əbədi, sarsılmaz, dönməz olacaqdır və Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə milli kimliyimiz olan bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaqdır.
YAP Qaradağ rayon təşkilatının sədr müavini Hicrət Qaradağlı qeyd etdi ki, güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. "Əgər psixoloji durum yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə belə asanlıqla qalib gəlmək olar. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq xalqımızın maddi rifahına təsir edən bütün tədbirlər Azərbaycan Ordusunun şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb. Bizim ön xətdə yerləşən bu hərbi hissəyə səfərimiz də ordu-xalq birliyinin təzahür forması və şəxsi heyətin mənəvi-psixoloji ruh yüksəkliyinin artırılmasına xidmət etmək məqsədilə atılmış addımdır. Biz ordumuza və onun şəxsi heyətinə inanırıq".
Tədbirdə Qaradağ rayon 106, 288 nömrəli məktəblərinin və 8 saylı Bakı Peşə Liseyinin şagirdlərinin əsgərlərə ünvanladığı məktublar şəxsi heyətə çatdırıldı. Qaradağ rayon 106 nömrəli məktəbin direktoru Təranə Qasımova bildirdi ki, "Əsgərə məktub" layihəsinin əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini daha da gücləndirmək, Vətəni qorumağa hər an hazır olan vətənsevər gəncləri yetişdirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdən ibarətdir. "Şagird məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq ifadə edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur. Hər birimiz inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu Aprel və Günnüt zəfərlərinin davamı olaraq xalqımıza tezliklə Böyük Qələbənin sevincini yaşadacaqlar".
Daha sonra xidmətdə fərqlənən bir qrup əsgər və zabit YAP Qaradağ rayon Qadınlar Şurası tərəfindən mükafatlandırıldı, hərbi qulluqçulara hədiyyələr təqdim edildi. Rəsmi hissədən sonra gənc mügənnilər – Aydın Sani, Süleyman Niftəliyev, Zaur Əzimli, Zümrüd Məmmədova və başqalarının ifasında şəxsi heyət üçün hazırlanmış konsert proqramı ilə tədbir davam etdi. Yaradıcı kollektivin və incəsənət nümayəndələrinin vətənpərvərlik mövzusunda ifa etdikləri mahnılar böyük ruh yüksəkliyi və coşqu ilə qarşılandı.
Sonda qonaqlar təşkil olunmuş tədbirə görə Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər, əsgər və zabitlərlə görüşdən xoş təəssüratla ayrıldılar.