Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda 28 May Respublika Gününə həsr olunmuş tədbirlər davam edir

27 may 2019 | 11:00

   27 may 2019-cu il tarixində 28 May Respublika Günü münasibəti ilə Sahil qəsəbəsində yerləşən “Bata-bat” istirahət mərkəzində Аzərbaycan Respublikası Мədəniyyət  Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət İdarəsi birgə tədbir keçirmişlər.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin musiqi təhsili və incəsənət  sektorunun  müdiri B.Məmmədəliyeva, rayonun idarə rəhbərlərindən, mədəniyyət və ictimaiyyət nümayəndələrindən bir qrup iştirak edirdi.
   Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirdi. Mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirdi. Qeyd etdi ki, 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynadı.
   Azərbaycanın yenidən müstəqillik əldə etdikdən sonra, 1991-93-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qaldığı dövrdə Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün bu siyasət Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
   Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 28 nömrəli uşaq musiqi məktəbinin müəllimlərindən 5 nəfərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.
   Tədbir 28 nömrəli uşaq musiqi məktəbinin ifaçılarının maraqlı çıxışları ilə davam etdi.
   Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq iştirakçıları və Qaradağ rayonunun bütün sakinlərini 28 May Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik etdi. Konsert haqqında öz xoş təsuratlarını paylaşaraq musiqi məktəbinin kollektivinə təşəkkürünü bildirdi və onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.

Keçidlər