Şriftin ölçüsü :

Saytın rəngi :

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş rayon məktəblərinin şagirdləri arasında bədii-qiraət müsabiqəsi

16 may 2019 | 11:00

   16 may 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş rayon məktəblərinin şagirdləri arasında bədii-qiraət müsabiqəsi keçirildi. Tədbirdə giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış etdi.
    Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olan İmadəddin Nəsiminin ədəbi irsinin qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil etdiyini söyləyən  rayon icra hakimiyyətinin təmsilçisi anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində şairin misilsiz xidmətləri olduğunu qeyd etdi. Xüsusilə vurğulandı ki, Nəsimi yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. O, diqqətə çatdırdı ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və beynəlxalq miqyasda qeyd olunmuşdur. 1073-cü ildə “Nəsimi” bədii filmi çəkilmişdir. Çıxışçı əlavə edərək bildirdi ki, Nəsimi irsinin daha dərindən öyrənilməsi, böyük mütəfəkkirin 650 illik yubileyinin geniş miqyasda qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti 15 noyabr 2018-ci il tarixli sərəncam imzalamışdır. Bununla yanaşı Prezident İlham Əliyev müvafiq sərəncamla 2019-cu təqvim ilini Azərbaycanda “Nəsimi ili” elan etmişdir.  Sözügedən sərəncamların icrası ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmışdır. Keçirilən bədii-qiraət müsabiqəsinin həmin tədbirlər planının çoxsaylı bəndlərindən biri olduğunu söyləyən T.İsmayılova çıxışının sonunda bütün iştirakçılara uğurlar dilədi.
   Şeir müsabiqəsinin qayda və şərtləri izah olunduqdan sonra müsabiqəyə start verildi. Şagirdlər böyük ruh yüksəkliyi ilə Nəsiminin şeirlərini söylədilər. Şeirlər söylənildikdən sonra tədbirdə iştirak edən şair, puiblisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 166 saylı tam orta məktəbin direktoru Şəmsi Qoca, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov şagirdlər tərəfindən söylənilən şeirlər haqqında öz fikirlərini söylədilər və dəyərli məsləhətlərini verdilər.
    Şeir müsabiqələrinin münsiflər heyətlərinin qiymətləndirməsi əsasında yekun protokolu tərtib olundu və qaliblər müəyyən edildi. 106 № li məktəbin VIII sinif şagirdi İsmayılzadə Emin, 166 № li məktəbin VIII sinif şagirdi Hüseynzadə Zeynəb, 180 № li məktəbin VIII sinif şagirdi Əliyeva Aysel III yerə, 233 № li məktəbin XI sinif şagirdi Feyziyeva Şəbnəm, 288 № li məktəbin VII sinif şagirdi Şahbazova Zəhra II yerə, 294 № li məktəbin V sinif şagirdi Məmmədzadə İsmayıl və 127 № li məktəbin VII sinif şagirdi Bayramlı Validə I yerə layiq görüldülər.

Keçidlər