“Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir
Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Ələt qəsəbəsi Seyfulla Məmmədov adına 110 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, şöbə əməkdaşı Nuru İmanov, məktəbin direktoru Şəfayət Orucova, 105, 127, 195, 223, 302, 303 və 321 saylı orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, valideyn və şagirdlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan direktor Ş.Orucova Ələt qəsəbəsində yerləşən ümumtəhsil müəssisələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən maarifləndirici tədbirlərin zəruriliyini qeyd etmişdir.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Y.Nəsibov xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər birimizin üzərinə düşən vəzifə olduğunu bildirmişdir.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov öz çıxışında Ələt qəsəbəsində gəncləri öz təsir qüvvəsi altına salmağa cəhd edən, milli-mənəvi dəyərlərimizə zərbə vurmağa çalışan radikal qeyri-ənənəvi dini cərəyanlarla mübarizədə təhsilin, maarifçiliyin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin əhəmiyyətini vurğulamaqla yanaşı, gənclərin İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizi uca tutmalı olduğunu diqqətə çatdırmışdır.
Tədbirin sonunda ‘Fitnə’ sənədli film nümayiş etdirilmişdir.