Qaradağ Rayon İcra Hakimiyyətinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
11 may 2019-cu il tarixində, Qaradağ rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələr geniş müzakirə olundu, qarşıdakı perspektivlərin başlıca hədəflərini əhatə edən qərar qəbul edildi.
İclası giriş sözü ilə açan Qaradağ rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdi.
Bildirildi ki, Respublikada əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi, Bakının Qaradağ rayonunda da sosial-iqtisadi inkişaf təmin edilmiş, abadlıq və quruculuq tədbirləri davam etdirilmişdir.
Natiq qeyd etdi ki, Prezident cənab İlham Əliyevin yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ardıcıl olaraq davam etdirilmişdir. Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılmış, sənaye sahəsində 2019-cu ilin yanvar-mart aylarında 267 milyon 965 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2019-cu ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 18 milyon 664 min manat, rabitə müəssisələri tərəfindən isə 1 milyon 347 min manat həcmində xidmət göstərilmişdir. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 459 mln 968 min manatlıq əmtəə satılmışdır, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,4 faiz artım deməkdir. 2019-cu ilin yanvar-mart ayları ərzində rayonun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 83 milyon 115 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 76,1 faiz təşkil etmişdir. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 24 milyon 653 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 44 mln 677 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,7 faiz artmışdır. 2019-cu ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslər tərəfindən rayon ərazisində 490 yeni iş yeri yaradılmışdır.
2019-cu ilin birinci rübü ərzində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq və yenidənqurma işləri çərçivəsində Rayonun Lökbatan qəsəbəsi, Seymur Orucov, Müsəvi, Nizami küçəsi və 6-cı massivə 20.000 kv.m, Müşfiqabad qəsəbəsində isə 12000 kv.m asfalt örtüyü salınmışdır. Ümumilikdə 32000 kv.m asfalt örtüyü salınmışdır. Hazırda rayonun Korgöz qəsəbəsində 9800 kv.m, Qızıldaş qəsəbəsində isə 14000 kv.m asfalt örtüyünün salınmasına başlanmışdır. Eyni zamanda Lökbatan qəsəbəsi 1 A massivində məhəllədaxili yollara 1760 kub.m qum-çınqıl qarışığı verilmişdir. Rayonun Lökbatan, Ələt, Sahil, Qobustan, Sanqaçal, Qızıldaş və Müşfiqabad qəsəbəsinin xidməti ərazilərində 40 ədəd yeni məişət tullantısı məntəqəsi tikilmiş, 183 ədəd konteynerlər yenisi ilə əvəz edilmiş, 470 p/metr beton bordürlər təmir edilmişdir.
Yaşıllıq ayları çərçivəsində rayon ərazisində 7800 ədəd ağac, 4500 ədədə yaxın dekorativ ağac və gül kolları əkilmiş, mövsümi budama işləri aparılmış, quru ağaclar təmizlənmiş, çoxillik güllərə qulluq göstərilmişdir.
Qaradağ rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, pilot layihə formatında yeni yaşayış binalarının inşa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.
Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti müəssisələrinin işi daim RİH-in nəzarətində saxlanılıb, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib.
2019-cu ilin birinci rübü ərzində ümumilikdə 6521 metr qaz xətti, 894 paqon metr müxtəlif diametrli su və kanalizasiya xətti, 30808 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilmiş və təmir edilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub.
Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.
Məruzə ətrafında müzakirələrdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Oqtay Sadiqov və Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Kamal Hacıyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.
İclasda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələlər şöbəsi müdirinin müavini Hüseyn Mövsümov çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin yığıncağındakı giriş və yekun nitqlərindən irəli gələn vəzifələrlə bağlı rayon İcra hakimiyyətlərinin bu günün tələblərinə uyğun qurulmasının zəruriliyini, ölkə başçısının aktual vəzifələrin həllində qarşıya qoyduğu tapşırıqların layiqli və operativ surətdə həllinin vacibliyini vurğuladı.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlərdə müzakirə olunmuşdur.
Hesabat yığıncağının iştirakçıları Prezident cənab İlham Əliyevin sosial islahatlar paketi çərçivəsində əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsinə istiqamətlənmiş mühüm addımları yüksək qiymətləndirilmiş, eyni zamanda rayonun inkişafına hər zaman göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq bildirilmişdi.