“Peşə, ixtisas seçimi” elmi-praktiki konfrans
19 aprel 2019-cu il tarixdə Ə.Əmirov adına Mədəniyyət Sarayında gənclərin peşə və ixtisas seçimini düzgün istiqamətləndirmək üçün ölkənin təhsil oçaqlarının və peşə təlimi mərkəzlərinin mütəxəssisləri və rayonun məktəbli gənclərinin iştirakı ilə "Peşə, ixtisas seçimi" mövzusunda elmi-praktiki konfrans keçirildi.
Görüşdə Xəzər universiteti, Azərbaycan universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat universiteti, Qərbi Kaspi universiteti, Azərbaycan Texniki Universiteti və eyni zamanda rayonun Qızıldaş və Lökbatan qəsəbələrində yerləşən Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzi, Sahil və Ələt qəsəbələrində yerləşən Dəniz Nəqliyyatı, Gəmiqayırma və liman işləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzi, Qobustan qəsəbəsində yerləşən ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova açdı. Bildirdi ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” əsasında təşkil edilmişdir. Eləcə də Qaradağ rayon icra hakimiyyəti başçısının 30 noyabr 2017-ci il tarixli 102 nömrəli sərəncamına əsasən Qaradağ rayonunda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə dövlət proqramı”nın icrasının təmin olunması məqsədilə təsdiq edilmiş tədbirlər planı əsas götürülmüşdür. Qeyd edildi ki, peşə seçimi insanların həyatında verilən ən əhəmiyyətli qərarlardan biridir. Düzgün peşə seçmiş insanı öz yaradıcılığına meylliliyi gücləndirir və onu öz peşəsinin mütəxəssisinə də çevrilə bilir. Peşə və ixtisas təkcə dolanışıq üçün deyil, həm də özünü ifadə etmək üçün ən gözəl vasitədir.
İştirakçılara məlumat verildi ki, şagirdlərin hansı ixtisasa meylliyini müəyyənləşdirmək, onların təhsil və peşə seçimi ilə bağlı təkliflərini öyrənmək məqsədilə rayon Gənclər və İdman İdarəsi və Kainat Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə məktəblərin yuxarı sinif şagirdləri arasında sosialoji sorğu keçirilmiş və sorğuya uyğun təhsil müəssisələri dəvət olunmuşdur..
Dəvət olunmuş qonaqlar öz təhsil müəssisələri haqqında videoçarxlar vasitəsilə ətraflı məlumat verdikdən sonra şagirdləri maraqlandıran suallara cavablar verildi. Daha sonra Mədəniyyət Sarayının foyesində həmin təhsil müəssisələri və peşə təlimi mərkəzləri tərəfindən nümayiş etdirilən sərgi ilə gənclər yaxından tanış oldular və sual-cavab prosesi orada da davam etdirildi. Şagirdlərə təhsi müəssisələrinin fəaliyyətini əks etditən bukletlər də paylandı.