”Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında mədəni-kütləvi aksiya keçirildi.
10 aprel tarixdə Ə.Əmirov adına Mədəniyyət Sarayında Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə ”Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında mədəni-kütləvi aksiya keçirildi.
Aksiyada böyüməkdə olan nəslin həyatına müxtəlif yollar və vasitələrlə yol tapan zərərli vərdişlərdən, onların törətdiyi fəsadlardan danışıldı. Bu günkü tədbirin əsas məqsədinin də bura toplaşan gəncləri bəşəriyyət üçün faciəyə çevrilən narkomanlığa və digər zərərli vərdişlərə yox deməyə səsləmək olduğu diqqətə çatdırıldı. Qeyd olundu ki, xilas yolu hər bir kəsin sağlam həyat tərzində, sağlam əxlaqında, sağlam ruhundadır. Dövlətimizin qüdrətinin və gələcək rifahının təməlinin gəncliyin sağlamlığında olduğunu nəzərə çatdıran aparıcı hamını bütün zərərli vərdişlərə, o cümlədən siqaretə və alkoqollu içkilərin qəbuluna yox deməyə səslədi.
Xüsusilə vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin özülünü yeniyetmə və gənclərin fiziki və mənəvi sağlamlığının qorunması təşkil edir. Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclər arasında narkomanlıq, cinayətkarlıq, QİÇS və s. neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsidir. Bu missiyanın əsas daşıyıcılarından biri də Gənclər və İdman Nazirliyidir. Nazirlik əlaqədar dövlət orqanları ilə sıx əməkdaşlığa nail olub, yerli idarələrin fəaliyyətinin bu istiqamətdə tənzimlənməsi üçün çevik işçi mexanizmi yaradıb. Nazirlik tərəfindən keçirilən sosioloji sorğular, elmi-praktiki konfranslar, dəyirmi masalar, seminar-müşavirələr, idman yarışları, müsabiqələr, sərgilər, treyninq kursları, kütləvi təbliğat kampaniyaları və digər profilaktik tədbirlər bütünlükdə gəncləri və yeniyetmələri məlumatlandırmağa, onları narkomanlıq kimi zərərli vərdişlərdən çəkindirməyə yönəldilib.
Aksiyanın keçirilməsi ilə bərabər tədbir iştirakçıları üçün gənc müğənnilərin ifasında konsert proqramı da verildi.