Könüllü fəaliyyətinə sən də qoşul !
Qaradağ Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.
Qaradağ Rayon İcra Hakimiyyətində könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir. Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 29 yaşadək gənclər müraciət edə bilərlər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Namizədlər üçün tələblər:
İntizamlılıq;
Xoşrəftarlılıq;
Ünsiyyətcillik;
Operativlik;
Kollektivdə işləmək bacarığı;
Təşkilatçılıq;
Təşəbbüskarlıq;
Kompüter bacarığı;
Müraciət üçün:
Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (tərcumeyi-hal) mail@qaradagh.gov.az e-poçtuna göndərə bilər və ya Bakı şəhəri, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 9 ünvanında yerləşən Qaradağ Rayon İcra Hakimiyyətinın inzibati binasına gələrək sənədlərini təqdim edə bilərlər. Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.