Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərinin iştirakçıları ilə görüş

04 aprel 2019 | 11:00

    04 aprel 2019-cu il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayonunda yaşayan Aprel döyüşçüləri ilə birgə görüş keçirildi.
  Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, Aprel döyüşlərinin 25 nəfər iştirakçısı, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Samit İmanovun həyat yoldaşı və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
   Tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
   Qaradağ rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov görüş zamanı Aprel döyüşləri barədə danışaraq bildirmişdir ki, 2016-cı ilin 2-5 aprel tarixlərində mənfur düşmənlərimizlə aparılan döyüşlər Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, Azərbaycan xalqının birliyinin nümayişi idi. Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək.
   Milli Məclisin deputatı Aydın Hüseynov öz çıxışında Ali Baş Komandanın ordu quruculuğuna, əsgər-zabit heyətinə göstərdiyi diqqət və qayğıdan, Aprel döyüşlərinin Böyük Qələbənin başlanğıcı olması barədə danışdı.
   Daha sonra Aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
   Tədbirdə Qaradağ Rayon Veteranlar Şurasının sədr müavini, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Paşa Məmmədov 65 illik yubileyi münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə təltif olundu.
   Yığıncağa yekun vuraraq cənab başçı bildirdi ki, Aprel döyüşləri şanlı qələbəmizdir, xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aprel döyüşçülərinin bəzilərini fərdi qaydada qəbul etdi və onların müraciətlərini dinlədi.
   Sonda Aprel döyüşlərinin 25 nəfər iştirakçısı və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Samit İmanovun həyat yoldaşına maddi və ərzaq yardımı təqdim edildi.

Keçidlər