“Qədim Naxçıvan – tariximizin yaddaşı”
29 mart 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində Qaradağ rayonundan Naxçıvan Muxtar Respublikasına göndərilmiş 27 məktəbli arasında “Qədim Naxçıvan – tariximizin yaddaşı” mövzusunda bilik olimpiadası keçirildi. Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva iştirak edirdi.
Tədbirdə giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov Azərbaycanın ən qədim iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri olan Naxçıvanın öyrənilməsi istiqamətində olimpiadanın keçirilməsinin məqsəd və vəzifələrindən danışdı. O böyüməkdə olan nəslin intellektual səviyyəsinin daim artırılması, onların ümumbəşəri və milli dəyərlərə yiyələnməsinin “Dövlət Gənclər Siyasətinin” tərkib hissəsi olduğunu və Qaradağ rayon İcra Hakimiyyətinin belə tədbirləri daim diqqət mərkəzində saxladığını bildirdi.
Qaradağ rayon İcra Hakimiyyətinin təmsilçisi S.Şıxəliyeva tarixin bütün sınaqlarına sinə gərərək təkcə Azərbaycana deyil, bütün dünyaya dahi ədiblər, sərkərdələr, ictimai və siyasi xadimlər, elm, incəsənət adamları bəxş etmiş Naxçıvanın gənc nəsil tərəfindən öyrənilməsinin vacib olduğunu və bu məqsədlə artıq ənənəyə çevrilməkdə olan “Ölkəmizi tanıyaq” tur aksiyasının bu istiqamətdə əhəmiyyətini qeyd etdi.
Münsiflər heyətinin sədri İlqar Qasımov yarışın qayda və şərtlərini izah etdikdən sonra üç mərhələdən ibarət olimpiadaya start verildi.
Yazılan cavabların nəticələrinə əsasən 274 №-li məktəbin XI sinif şagirdi Mirzəyeva Fəxrəndə I yerə, 228 №-li məktəbin XI sinif şagirdi Məmişov Ramazan II yerə və 233 № li məktəbin XI sinif şagirdi Aydəmirov Elçin III yerə layiq görüldü.
Qaliblər müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırıldılar.