12 avqust - Beynəlxalq gənclər günüdür
11 avqust 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində “12 avqust - Beynəlxalq gənclər günü”nə həsr olunmuş “Azərbaycan gəncliyi müasir dövrdə” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektor müdiri Elçin Abbasov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Avropa çempionu adını qazanmış basketbol məşqçisi Aygün Eynullayeva və yetirmələri və fəal gənclər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektor müdiri E.Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq onların rolunu qeyd etdi. Dovlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı. Qeyd olundu ki, 1998-ci ilin 08-12 avqust tarixlərində Lissabonda gənclər sahələri üzrə nazirlərin görüşünün yekun iclasının keşirildiyi gün, yəni 12 avqust “Beynəlxalq gənclər günü” kimi dünya gənclərinin həyatına daxil olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının müavini T.İsmayılova Azərbaycan dövlətinin gənclər siyasətini həmişə dövlətin prioritet məsələsi kimi qəbul etdiyini və bu yönümdə həyata keçirdiyi əməli işləri iştirakçıların nəzərinə çatdırdı. Qeyd etdi ki, dövlət gənclər siyasətini məqsədyönlü şəkildə həyata keçirmək və eyni zamanda Azərbaycan gəncinin dünyaya inteqrasiyasını təmin etmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və mərhələli şəkildə “Azərbaycan gəncliyi Dövlət Prоqramları” haqqında sərəncamlar imzalanmışdır.
YAP Qaradağ Rayon Təşkilatının sədri Q.Əliyev çıxışında qeyd etdi ki, əsl ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının gəncləri Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman Ulu Öndərin fəal dəstəkçiləri olmuşlar və hazırda Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər. Bu gün dövlət başçısı İlham Əliyevin də gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya onları layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdir.
Gənclər adından çıxış edən A.Yunuszadə və Ayan Hacıquluzadə verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdar olduqlarını söylədilər.
Tədbirin sonunda YAP-ın sıralarına daxil olmuş bir qrup gəncə partiya biletləri təqdim olundu.