Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.
Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Ön sırada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları ümumxalq yürüşünün iştirakçıları qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkilləri, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutmuşdular.
Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalı, sözün bitdiyi yer”, “Viran edilən Xocalı yenidən dirçələcək” və s. şüarlar nümayiş etdirilirdi.
Bakıda keçirilən ümumxalq yürüşündə Qaradağ rayonunun ictimaiyyət nümayəndələri də iştirak edirdi.