Qaradağ rayonunda “Gənc idmançılar” layihəsi
07 fevral 2019-cu il tarixdə Qızıldaş qəsəbəsindəki 180 № li məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc idmançılar” layihəsi həyata keçirildi. Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, layihənin rəhbəri Müşfiq Dadaşzadə, 180 № li məktəbin direktoru Atakişi Cəfərov, məktəb şagirdləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan aparıcı layihənin məqsəd və vəzifələri, layihənin miqyası, davamlılıq müddəti və gözlənilən nəticələr barədə məktəbli gənclərə məlumat verdi. Qeyd olundu ki, layihənin əsas məqsədi uşaq, yeniyetmə və gəncləri idman daha da yaxından cəlb etmək, onların asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdan ibarətdir.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov idmana və idmançılara verilən dəstəyə görə dövlət başçısına təşəkkür edərək gənclərin bir şəxsiyyət kimi böyüməsində dövlətin idman siyasətinin rolundan, peşəkar idmançılar vasitəsilə Azərbaycanın imicinin beynəlxalq aləmdə formalaşdırılmasının əhəmiyyətindən danışdı. Söylənildi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət, idman və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur və sözügedən layihə də həmin fond tərəfindən maliyyələşdirilmişdir. Daha sonra rayon gəncləri tərəfindən aktual məsələlər üzrə layihələr hazırlanması və dəstək alınması üçün Gənclər Fonduna müraciət olunması təklif olundu.
Layihənin keçirilməsinin məntiqi nəticəsi olaraq rayonda yeniyetmə və gənclərdən ibarət voleybol və futbol komandalarının yaradılması üçün məktəb şagirdləri qeydiyyata alındı.
“Gənc idmançılar” layihəsinin Qaradağ rayonunun digər qəsəbələrində də keçirilməsi diqqətə çatdırıldı.