Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
13 fevral 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 11 yanvar 2019-cu il tarixli iclasında və 29 yanvar 2019-cu il tarixində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransındakı nitqlərindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Yığıncaq iştirakçıları ilk öncə 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan filmi seyr etdilər.
Hesabat məruzəsi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 11 yanvar 2019-cu ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətləri vurğulayaraq, keçən 2019-cu il respublikamızda olduğu kimi, Bakının Qaradağ rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, bir sıra layihələr uğurla həyata keçirildiyini bildirdi. Ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verdi.
Qeyd olundu ki, 2018-ci ilin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin Qaradağ rayonuna səfərləri olmuşdur. Bu səfərlər Qaradağ rayonunda bir çox sahələrdə müasir infrastrukturun yaradılması ilə əlamətdar olmuş, dövlət başçısı yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının, mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, mayın 24-də məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış komplek-sinin və yeni istifadəyə verilən Lökbatan-Qobu avtomobil yolunun, mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin, avqustun 1-də Lökbatan qəsəbə-sində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində və avqustun 13-də Lökbatan qəsəbəsində Abşeron Logistika Mərkəzinin açılışlarında iştirak etmişdir.
Mühüm əhəmiyyətə malik olan bu səfərlər ölkəmizin, eləcə də Qaradağ rayonunun inkişafında davamlı ənənələrin, dayanıqlı inkişafın və müasirləş-mənin yeni bir mərhələsini nümayiş etdirməklə yanaşı, regionda uğurla həyata keçirilən böyük layihələrin əhəmiyyətli nəticələrinin beynəlxalq aləmdə diqqət mərkəzinə çəkilməsinə geniş imkan yaratdığı qeyd edildi.
Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların Qaradağ rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin edib.
Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılmış, sənaye sahəsində 2018-ci ildə 1 milyard 793 milyon 70 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 700 milyon 993 min manat məbləğində investisiya yönəldilmiş, 2169 yeni daimi iş yeri açılmışdır. Qaradağ rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, pilot layihə formatında yeni yaşayış binalarının inşa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.
Prezident cənab İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış maliyyə vəsaiti hesabına rayonun Qobustan qəsəbəsindəki 17 saylı birləşmiş şəhər xəstəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuş və ən yeni texnoloji avadanlıqlarla təchiz edilərək cari ilin 14 yanvar tarixində Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib.
Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti müəssisələrinin işi daim RİH-in nəzarətində saxlanılıb, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib. Abadlıq quruculuq tədbirləri çərçivəsində hesabat dövründə rayonun Lökbatan və Sahil qəsəbəsində iki abad həyət və bir abad məhəllə salınmış, eyni zamanda iki mərasimi evi tikilib sakinlərin istifadəsinə verilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 7 kilometrdən çox olan Lökbatan-Qobu avtomobil yolu əsaslı şəkildə yenidən qurulub istifadəyə verilib.
Hazırda uzunluğu 13.8 km olan Lökbatan-Qızıldaş, uzunluğu 24 km olan Sanqaçal-Çeyildağ və uzunluğu 9.1 km təşkil edən Lökbatan-Güzdək avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
2018-ci il ərzində ümumilikdə 15960 metr qaz xətti, 3470 paqon metr müxtəlif diametrli su və kanalizasiya xətti, 204088 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilmiş və təmir edilmişdir.
“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində hesabat ilində rayonun Qızıldaş qəsəbəsində 350 yerlik yeni Mədəniyyət Mərkəzi tikilib istifadəyə verilmişdir.
Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib. Yeni tədris ilində rayonun Qızıldaş qəsəbəsindəki 180 nömrəli və Qobustan qəsəbəsində yerləşən 223 nömrəli tam orta məktəbləri əsaslı təmir olunmuş və avadanlıqlarla təchiz edilərək məktəblilərin istifadəsinə verilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub, müxtəlif sahələrdə fərqlənənlər mükafatlandırılıblar. Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb. Məruzə ətrafında müzakirələrdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Səməd-zadə və Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin müdir əvəzi Elşən Fətullayev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.
YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili aydın Hüseynov çıxış edərək rayonda görülmüş işləri yüksək qiymətləndirdi, qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət açdı.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2018-ci ildə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlar haqda ətraflı məlumat verərək 2019-cu ildə Qaradağlılara böyük uğurlar arzuladı.
Hesabat göstəricilərinə yekun vuran Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılov qeyd etdi ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaradılıb.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olundu. Toplantı iştirakçıları adından Prezident cənab İlham Əliyevə ünvanlanan müraciətdə rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, qaradağlıların quruculuq əzmi ifadə olundu.