Fövqəladə Hallar Nazirliyinin yaranması günü “N” saylı hərbi hissədə qeyd edildi
16 dekabr 2018-ci il tarixdə Səngəçal qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində Nazirliyin yaranması günü münasibətilə hərbi hissənin şəxsi heyəti ilə görüş keçirildi.
Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı. Hərbi hissə komandirinin müavini tədbiri açaraq söylədi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Əlavə edərək qeyd etdi ki, fəaliyyəti dövründə Fövqəladə Hallar Nazirliyi, o cümlədən Nazirliyin Mülki Müdafiə Qoşunları qarşıya qoyulan məsələlərin həllində mühüm rol oynamışdır.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Fövqəladə Hallar Nazirliyinin yaranması günü münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edərək onlara hərbi xidmətdə və şəxsi həyatda uğurlar dilədi.
Tədbirin ikinci hissəsində Ə.Əmirov adına Mədəniyyət Sarayının özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı verildi. Əsgərlərin böyük sevinci ilə müşayiət olunan görüşün sonunda hərbi xidmətdə fərqlənmiş gənc zabit və əsgərlər təşkilatçılar tərəfindən xatirə hədiyyələri və fəxri fərmanlarla təltif edildi və əsgərlərin asudə vaxtının daha da səmərəli keçirilməsi üçün hərbi hissəyə idman malları hədiyyə edildi.