“Abad məhəllə” layihəsi üzrə şahmat turniri
Ölkəmizdə abadlıq və quruculuq işlərinə xüsusi diqqət göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında şəhər və qəsəbələrdə günün tələbləri səviyyəsində geniş quruculuq işləri aparılmaqdadır. “Abad məhəllə” layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir, həmin məhəllələrdə idman meydançaları və digər idman qurğuları quraşdırılaraq əhalinin, xüsusən yeniyetmə və gənclərin istifadəsinə verilir. Belə abad məhəllələrdən biri də Qaradağ rayonunun Lökbatan qəsəbəsi Ş.Xəlilov küçəsində salınmış “Abad məhəllə”dir.
Bakı şəhər İcra Hakimiyyətinin müvafiq tapşırığına əsasən “Abad məhəllə” layihəsi çərçivəsində Bakı şəhəri rayonlarının ərazilərində yeni salınmış məhəllələrdə keçirilən idman yarışlarından biri – 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında şahmat üzrə şəhər turnirinin rayon mərhələsinin final oyunu 07 dekabr 2018-ci il tarixdə həmin abad məhəllədə quraşdırılmış iri şahmat lövhəsi üzərində oynanıldı. Tədbirdə iştirak edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Raqif Abbasov və Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsibov “Abad məhəllə” layihəsinin məqsəd və vəzifələrindən, əhəmiyyətindən, bu məhəllələrdə quraşdırılan idman qurğularının əhali arasında bədən tərbiyəsinin kütləviləşdirmək məqsədi daşıdığını diqqətə çatdırdılar.
Maraqlı və gərgin keçən oyunların ümumi yekun nəticəsinə əsasən qaliblər müvafiq dərəcəli diplomlar, medallar və kubokla mükafatlandırıldılar.