Qaradağ Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailə akademiyası” adlı tədbir keçirldi
6 dekabr 2018-ci il tarixdə Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailə akademiyası” adlı lahiyənin açılış tədbiri keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə ismayılova və şöbənin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Milli Elmlər Akademiyasının professoru Rəna Mirzəzadə, bələdiyyə nümayəndələri, ictimai birlik və təşkilatların nümayəndələri, polis əməkdaşları, dini xadimlər, psixoloqlar, sosioloqlar, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan RİHB-nın müavini Təranə İsmayılova cəmiyyətdə ailənin önəmi və milli-mənəvi dəyərlərdən bəhs etdi. Erkən nikahların uğursuzluğu, gender zorakılığın qarşısının alınması istiqamətində dövlət tərəfindən mühüm addımlar atıldığını və rayon ərazisində mütəmadi olaraq bu cür tədbirlərin keçirildiyini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında tədbirin əsas məqsədinin milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə fəallığının artırılması, gənclərin hüquqi biliklərinin və müasir cəmiyyətin inkişafında rolununun artırılması olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının professoru Rəna Mirzəzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva, Qaradağ Rayon Polis İdarəsi, Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru, polis mayoru Aidə Şirinova, 4 nömrəli Doğum evinin həkim-ginekoloqu Rəna Kərimova, Qobustan qəsəbəsi “Şamlı” məscidinin icma sədri Qaraoğlan Həsənov, Milli Elmlər Akademiyasının dosenti İlhamə Qəsəbova və başqaları bu istiqamətdə maarifləndirici tədbirlər aparılmasının vacib faktorlardan biri olduğunu və bu barədə maarifləndirici işlərin aparılmasının labüd olduğunu bildirdilər.
Daha sonra tədbirin ikinci hissəsi olaraq Lökbatan bələdiyyəsində dəyirmi masa keçirildi. Dəyirmi masa ətrafında toplaşan QRİH başçısının müavini Təranə İsmayılova və şöbənin məsul işçiləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Lökbatan bələdiyyə sədri Namizəd İsmayılov, dəvət edilmiş ailələrin üzvləri “Ailə akademiyası”nın çox uğurlu bir lahiyə olduğunu təsdiqləyərək yeni ideyalar irəli sürdülər. Qarşılıqlı müzakirələrlə tədbir yekunlaşdı.
Tədbirdə ailə münasibətlərinin formalaşması, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, yaşlı nəsil ilə gənc nəslin dialoqu, gənclərin, xüsusilə gənc qızların hüququ və vəzifələri kimi mövzular müzakirə olunub. Tədbirin sonunda yekun sözlə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbirin təşkilinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib.