Qaradağ rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi keçirilmişdir.
FHN Bakı Regional Mərkəzinin metodiki rəhbərliyi ilə 21 noyabr 2018-ci il tarixində Qaradağ rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi keçirilmişdir.
Məşqə Mərkəzin aidiyyəti struktur bölmələri, yerli icra hakimiyyəti orqanının MM qərargahı, ərazi mülki müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyəti cəlb olunmuşdur.
Məşqin keçirilməsində məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, hazırlığın tələb olunan səviyyədə saxlanılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, fövqəladə hal şəraitində birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olmuşdur.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılmış, şəxsi heyət, texnika, avadanlıq və əmlakla komplektləşdirilməsi, eləcə də funksional vəzifələrlə bağlı məruzələri dinlənilmişdir.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətində rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin rəhbərlərinin iştirakı ilə məşqin təhlili aparılmışdır. Təhlil zamanı məşqin gedişində yaranan çatışmazlıqlar diqqətə çatdırılmış, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.