22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür
21 noyabr 2018-ci il tarixində Ədliyyə işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, başçının müavinləri, aparatın şöbə müdirləri, Qaradağ Rayon Məhkəməsinin və rayon ərazisində yerləşən ədliyyə və məhkəmə orqanlarının bir qrup işçisi iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik etmiş, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışmışdır. Bildirilmişdir ki, bu sahədə əldə olunmuş nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin ən şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi sahəsində ölkəmizin müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük marağa səbəb olur. Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.
Yığıncaqda ədliyyənin fəaliyyətinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunmuşdur.
Tədbirin sonunda Ədliyyə sistemi sahəsində səmərəli fəaliyyətinə, 22 noyabr - Ədliyyə işçilərinin peşə günü münasibəti ilə Qaradağ Rayon Məhkəməsinin 3 əməkdaşı qiymətli hədiyyələr və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilmişdir.