Qaradağ rayonunda təmizlik və yaşıllaşdırma tədbirləri çərçivəsində növbəti iməcilik keçirilib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Ümummilli Liderin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verir.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
Ölkəmizdə yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, şəhərin ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında təbiətə qayğı hissinin təbliği istiqamətində son illərdə geniş tədbirlər həyata keçirilir.
Bu istiqamətdə Bakı şəhərinin sənaye rayonu olan Qaradağ rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər hazırda uğurla davam etdirilməkdədir.
Həyata keçirilən tədbirlərin davamı olaraq noyabrın 17-də rayonun Lökbatan qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivi istiqamətində gedən avtomobil yolunun qərb hissəsində 300 nəfərin iştirakı ilə növbəti iməcilik keçirilmişdir.
İməcilikdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyasının Qaradağ təşkilatının fəalları, təsərrüfat xidmətləri, gənclər, rayon ictimaiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirin iştirakçıları ərazini tullantılardan təmizləyib, mövcud yaşıllığa aqrotexniki qulluq göstərib və burada Abşeron yarımadasının iqliminə uyğun 700 ədəd yeni zeytun və badam ağacları əkiblər.
İməcilikdə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılır, quru ağaclar təmizlənir, çoxillik güllərə qulluq göstərilir, əkilən güllərin alağı təmizlənir, suvarılır, parklar quru ot və alaqlardan təmizlənir, ərazidə olan çəmənliklərə gübrə verilir. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri həyata keçirilib.
Qaradağ rayonunda keçirilən ənənəvi iməcilik və ağacəkmə aksiyaları ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı olmuşdur.
Mövsüm ərzində Qaradağ rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.