“Dövlət bayrağı günü”nə həsr olunmuş tədbirlərin yekun toplantısı
08 noyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti, Qarabağ müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “9 Noyabr – Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbirlərin yekun toplantısı keçirildi. Tədbirdə millət vəkili Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Aris Məmmədov, Bakı şəhəri üzrə təhsil şöbəsinin məsul əməkdaşları Rövşən Qasımov və Mürsəl Qurbanov, rayon fəalları, hərbçilər, müəllim və şagirdlər iştirak edirdi.
Toplantıdan əvvəl rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə bayraq yürüşü keçirildi. Yürüş Lökbatan qəsəbəsinin girəcəyində olan “Cırtdan” parkından başlayıb Heydər Əliyev Mərkəzində sona çatdı. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra mərkəzin foyesində rayon məktəblilərinin “Mənim üçrəngli bayrağım” mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxış oldu. Daha sonra toplantı öz işini mərkəzin konfrans zalında davam etdirdi.
Azərbaycanın Dövlət Bayrağı təntənəli surətdə zala gətirildikdən sonra Dövlət Himni ifa olundu. Qarabağ müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının sədri Maqsud Heydərov qonaqları təqdim edərək tədbiri açıq elan etdi. Tədbirin yüksək səviyyədə hazırlandığını söyləyən millət vəkili Aydın Hüseynov, təşkilatçılıq prosesində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi. O, Dövlət Bayrağının dövlətçilik ənənələrinin vacib atributu, hakimiyyət və müstəqilliyin göstəricisi olmasından danışdı. Dövlətin mövcudluğunu sübut edən bayrağı, konstitusiyanı, gerbi sevməyin, onlara hörmət və ehtiram bəsləməyin vacibliyini vurğulayan çıxışçı sozügedən atributları daim uca tutmağı tövsiyyə etdi.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova dövlət bayrağının təsis olunması tarixi və müstəqil ölkəmizdə dövlət atributu kimi ona göstərilən ehtiramdan danışdı. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunaraq ikinci dəfə rəsmi surətdə qaldırıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Meydanının yaradılması milli mənəvi dəyərlərimizə, dövlət atributlarımıza ehtiramın bariz nümunəsi olduğunu söyləyən rayon rəhbərliyinin təmsilçisi “Bayraq Günü” münasibətilə rayon daxilində keçirilmiş tədbirlərdən söhbət açdı. Digər çıxışçılar, Qarabağ müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Aris Məmmədov, Bakı şəhəri üzrə təhsil şöbəsinin məsul əməkdaşı Rövşən Qasımov öz çıxışlarında bildirdilər ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov “Dövlət Bayrağı günü” ilə bağlı keçirilmiş tədbirlər, məktəb şagirdləri arasında inşa-yazı, rəsm və şeir müsabiqələri və eyni zamanda hərbi qulluqçuların bu müsabiqələrdə müsabiqədənkənar iştirakı haqqında məlumat verdikdən sonra müsabiqə qaliblərinə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olundu.
Tədbirin sonunda şeir müsabiqəsi qalibləri tərəfindən ədəbi-bədii kompozisiya ifa olundu.