Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc ixtiraçı” Reyhan Camalova ilə görüş

02 noyabr 2018 | 11:00

     02 noyabr 2018-ci il tarixində “Gənc ixtiraçı” Reyhan Camalovanın Sahil qəsəbəsindəki 228 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşü keçirildi. İlk növbədə məktəbin direktoru Rəşad Alcanov çıxış edərək qonaqları salamladı, tədbirdə iştirak edən hərkəsə təşəkkür etdikdən sonra sözü Reyhan Camalovaya verdi. Reyhan Camalova çıxış edərək əldə etdiyi uğurları, nailiyyət yolunda qazandığı təcrübələri şagirdlərlə bölüşdü.
    Gənc ixtiraçı Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirakından və səfər təəssüratlarından danışdı. O, ixtirası haqqında məlumat verərək, müasir dövrdə alternativ enerji mənbələrinə daha çox ehtiyac olduğunu, bu sahəyə xüsusi marağının yarandığını və nəticədə yağış suyundan enerji istehsal edən qurğu – "Rainergy" qurğusunu hazırladığını söylədi. Reyhan xanım motivasiya edici çıxışı ilə şagirdlərə öyrənmənin, özünü kəşf etmənin dəyərindən, şagirdlərə seçdikləri hədəf uğrunda sona qədər mübarizə aparmağın vacibliyindən söz açdı.
    Görüşdə Qaradağ İcra Hakimiyyətinin nümayəndələrindən Firidun Hüseynov, Səmayə Şıxəliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva iştirak edirdi. Hər biri çıxış edərək görüşdən məmnun olduqlarını bildirdilər.
     Sonda Reyhan xanıma xatirə hədiyyələri təqdim olundu və gənc ixtiraçı məktəb kollektivi və şagirdlər ilə xatirə şəkili çəkdirdi.
    Qeyd edək ki, Reyhan Camalovanın “Rainergy” adlı layihəsi Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.

Keçidlər