“Mənim üçrəngli bayrağım”
05 noyabr 2018-ci il tarixində Ə. Əmirov adına Mədəniyyət Sarayında rayon Gənclər və İdman İdarəsi və Qarabağ müharibəsi Əlilləri və Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının birgə təşkilatçılığı ilə “9 Noyabr-Dövlət Bayrağı günü”nə həsr olunmuş Qaradağ rayon məktəbliləri arasında “Mənim üçrəngli bayrağım” mövzusunda şeir müsabiqəsinin final mərhələsi keçirildi.
Tədbiri giriş sözü ilə Qarabağ müharibəsi Əlilləri və Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının sədri Maqsud Heydərov açdı.
Üçrəngli bayrağın təsis olma tarixini, yad qüvvələrin onu yaddaşlardan silmə cəhdlərini nəzərə çatdıran çıxışçı qeyd etdi ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Muxtar respublikanın bayrağı kimi qəbul olunaraq ikinci dəfə rəsmi surətdə qaldırıldı və yalnız Ulu Öndərin belə bir tarixi addımından sonra 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Parlamenti tərəfindən təsdiq olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı imzalanmış Sərəncam xüsusilə vurğulandı. Deyildi ki, hal-hazırda Bakıda Dövlət Bayrağı meydanında Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində 162 metr hündürlükdə ucalır.
Şeir müsabiqəsinin qayda və şərtləri izah olunduqdan sonra şeir müsabiqəsinə start verildi. Şagirdlər böyük ruh yüksəkliyi ilə Azərbaycan şairlərinin bayraq haqqında şeirlərini söylədilər və həmçinin bədii kompozisiyalar da ifa olundu.
Şeir müsabiqəsinin münsiflər heyətlərinin qiymətləndirməsi əsasında yekun protokolu tərtib olundu və qaliblər aşağıdakı qaydada müəyyən edildi.
Yuxarı sinif şagirdləri arasında (8-11siniflər)
I yer-Şəbnəm Feyziyeva-233 saylı tam orta məktəbin 11-ci sinif şagirdi
II yer-Səfurə Bənnəyeva -288 saylı tam orta məktəbin 11-ci sinif şagirdi
III yer- Sudabə Quliyeva -166 saylı tam orta məktəbin 8-ci sinif şagirdi
Aşağı sinif şagirdləri arasında (4-7siniflər)
I yer-İbrahim Şirinov -180 saylı tam orta məktəbin 7-ci sinif şagirdi
II yer-Fidan Əkbərzadə-302 saylı tam orta məktəbin 5-ci sinif şagirdi
III yer-İsmayıl Məmmədzadə-294 saylı tam orta məktəbin 5-ci sinif şagirdi