Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərin və 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi

04 oktyabr 2018 | 11:00

   04 oktyabr 2018-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində Beynəlzxalq Müəllimlər Günü və 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, məktəb direktorları, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlar iştirak edirdi.
   Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ilk öncə Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri və  ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlərlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında, fəaliyyətlərində və təhsildə uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
   Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək Azərbaycanda müəllim əməyinə və şəxsiyyətinə daim yüksək qiymət verildiyini bildirən natiq, müstəqil Azərbaycanın gələcəyinin məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu qeyd etmişdir.
Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunların sayının artmasını dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
   Bundan əlavə rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bu il Qaradağ rayonunun əldə etdiyi yüksək nəticəni xüsusi vurğulayaraq bildirdi ki, ötən illərlə müqayisədə ali məktəblərə daxil olan məzunlarımızın nəticələri yüksəkdir.
   Qaradağ rayonu üzrə orta məktəbi 1257  nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 895 abituriyentin 67,4 faizi, yəni 604 nəfəri tələbə adını qazandığı, onlardan 42 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırıldı.
   Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
   Tədbirin sonunda Beynəlxalq Müəllimlər Günü münasibəti ilə əməkdə fərqlənmiş müəllimlər və ali məktəblərə 600-dən çox bal toplamış 42 məzuna Qaradağ Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyə ilə təltif edildi.
   Daha sonra Qaradağ Rayonunun Sahil qəsəbəsindəki “Xəzri” Şadlıq sarayında icra hakimiyyəti və Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilmişdir.
   Rayon İcra Hakimiyyətinin aparatı, rayonun təhsil müəssisələrinin rəhbərləri və qabaqcıl təhsil işçilərinin qatıldığı tədbiri giriş sözü ilə açan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon Komitəsinin sədri Zümrüd Rzayeva elmə, təhsilə daim yüksək münasibət bəslənildiyini bildirmiş, müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu xüsusi vurğulamışdır.  
   Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Azərbaycanda təhsilə münasibətin ciddi şəkildə dəyişdiyini bildirərək, ulu öndərimiz Heydər Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışmış, dahi rəhbərimizin müdrik siyasətini bu gün Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
   Qaradağ Rayon İcra Hakimiyyət başçısının müavini Təranə İsmayılova müəllimləri əlamətdar bayram münasibətilə təbrik etmiş, yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi işində onlara daha böyük uğurlar arzulamışdır. Yüksək diqqətə görə rayonun təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirmiş, məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun  prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirərək xüsusi qeyd etmişdir.
   Təhsildə fərqlənən qabaqcıl müəllimlər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
   Tədbir məktəblilər tərəfindən hazırlanmış bədii hissə ilə davam etmişdir.

Keçidlər