01 oktyabr – Beynəlxalq «Ahıllar günü»
01 oktyabr – Ahıllar günü münasibətilə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 100 nəfər ahıla ərzaq sovqatı verilmişdir.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açaraq, Ahıllar günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və çıxışında qeyd etmişdir ki, respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da ahıllara böyük hörmət və diqqət göstərilir. Belə ki, rayon İcra Hakimiyyəti Başçısının aparatı ahıllarla daim sıx əlaqə saxlayaraq, onların problemləri, gündəlik qayğıları ilə mütəmadi məşğul olur. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə Fondda ahıllarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Bütün bu tədbirlər isə Azərbaycan dövlətinin qüdrətini və onun hər bir vətəndaşına olan qayğısının göstəricisidir. Rayonda yaşayan ahıllarımızın, ağsaqqallarımızın rayonun ictimai-siyasi həyatında fəal iştirakını, onların rayon Ağsaqqallar Şurasındakı fəaliyyətləri təqdir edilir.
Bu gün ahıllarımız, ağsaqqallarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Çünki, bizim ahıllarımız böyük həyat təcrübəsi keçiblər. İkinci Dünya Müharibəsinin ağrı-acılarını, məşəqqətlərini çəkən ağsaqqallarımız, müharibə veteranları alman faşistlərinə qarşı fədakarlıqla mübarizə apararaq, vətənin müdafiəsinə qalxmış, əsl vətənpərvərlik nümayiş etdirmişlər.
Tədbirin sonunda ahıllar göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.