Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycandakı Ukrayna konqresinin Bakı şəhəri, Qaradağ rayon komitəsinin hesabat - seçki yığıncağı keçirilmişdir

23 sentyabr 2018 | 11:00

   23 senyabr 2018-ci il tarixində YAP Qaradağ rayon təşkilatının inzibati binasında Ukrayna konqresinin Bakı şəhəri, Qaradağ rayon komitəsinin hesabat-seçki yığıncağı keçirilmişdir.
   Yığıncaqda Azərbaycandakı Ukrayna konqresinin sədri Osadçenko Yuriy Leonidoviç, Ukraynanın Azərbaycandakı səfirinin birinci katibi Georgi Vladimiroviç  Selski, Ukrayna konqresinin Bakı şəhəri, Qaradağ rayon komitəsinin sədri Qalina Fyodorovna Qasımova, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Nurlanə Əliyeva, Abbas Hüseynov və Qaradağ rayonunda yaşayan ukraynalı sakinlər iştirak edirdilər.
   Yığıncağı Ukrayna konqresinin Qaradağ rayon komitəsinin gənclər birliyinin sədri Ruslan Çupilka açdı. Sonra Ukrayna konqresinin Qaradağ rayon komitəsinin sədri Qalina Qasımova 2013-2018-ci illər ərzində görülmüş işlər barədə geniş məruzə ilə çıxış etdi. Ukrayna konqresinin Qaradağ rayon komitəsinin sədri təşkilatın 5 iyun 1997-ci il tarixində yarandığını və ötən 21 il ərzində rayonun ictimai-siyasi və mədəni  həyatında ukraynalıların da fəal iştirakını qeyd edərək, Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyev və rayon rəhbərliyi tərəfindən bir qayda olaraq diqqət və qayğı ilə əhatə olunduqlarına görə yığıncaq iştirakçıları adından respublika Prezidentinə və rayon rəhbərliyinə təşəkkürünü bildirdi.
    Sonra məruzə ətrafında çıxışlar oldu. Çıxış edənlər rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.     
     Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abbas Hüseynov rayon rəhbərliyi adından iştirakçıları salamladı, Ukrayna və Azərbaycan xalqlarının dostluğu, Ukrayna-Azərbaycan arasındakı ikitərəfli əlaqələr haqqında danışaraq, Ukraynanın bir çox ictimai, siyasi xadimlərinin Ulu Öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirmişdir. Qeyd etmişdir ki, vaxtilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi, ticarət və humanitar sahələrdə normativ-hüquqi bazanın yaradılmasını və əlaqələrin tənzimlənməsini möhkəm əsaslar üzərində qurmuşdur.
      Natiq öz çıxışında Qaradağ rayonunda təşkilatın 61 nəfər üzvü olduğunu, ölkə rəhbərliyi tərəfindən onlara daim diqqət və qayğı göstərildiyini qetd etdi. O, Ukrayna -Azərbaycan dostluğunun bariz nümunəsi kimi Bakı şəhərinin Qaradağ rayonu və Kiyev vilayətinin İrpen şəhəri arasında qardaşlıq əlaqələri haqqında da danışaraq, Qaradağ rayonunun Lökbatan qəsəbəsində şairin adına park salındığını və 2004-cü ildə büstünün qoyuluğunu qeyd etdi və bundan sonra da bu dostluq əlaqələrinin davamlı olacağını bildirdi.
    Sonra Azərbaycandakı Ukrayna konqresinin sədri cənab Osadçenko Yuriy Leonidoviç çıxış edərək bildirdi ki, hər iki ölkənin beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyə əsaslanan fəaliyyəti kifayət qədər yüksək səviyyədə davam edir. Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Azərbaycan da öz növbəsində Ukraynanın qarşılaşdığı indiki ağır dönəmində öz mənəvi yardımını əsirgəmir, beynəlxalq arenada dost ölkənin ərazi bütövlüyünə dəstək verir.
     Fərəhləndirici haldır ki, bu gün Azərbaycan - Ukrayna əlaqələri bütün sahələrdə inkişaf edir. İki ölkə arasında siyasi baxımdan dövlət başçılarının, habelə digər rəsmi nümayəndələrin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, həmçinin digər layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir. Təbii ki, ikitərəfli qarşılıqlı əlaqələrin durmadan inkişaf etməsinin kökündə müdrik düşüncənin məntiqi dayanır. O, müdrik düşüncə ki, onun memarı və müəllifi dahi Heydər Əliyevdir. Görülmüş işlər nəticəsində Ukrayna ilə əlaqələrin miqyası xeyli genişlənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Ukraynaya etdiyi rəsmi və dövlət səfərləri ikitərəfli dostluq münasibətlərinin inkişafında xüsusi əhəmiyyət kəsb edir.
    Sonda Ukrayna konqresinin Qaradağ rayon şöbəsinin gördüyü işlər səsə qoyuldu və yekdilliklə qəbul edildi. Qalina Fyodorovna Qasımova yenidən Ukrayna konqresinin Qaradağ rayon komitəsinin sədri seçildi.

Keçidlər